İdman Araşdırmalar Mərkəzi maraqlı təkliflə çıxış edib
“Azərbaycanda son illər çoxlu sayda Olimpiya kompleksi və stadion istifadəyə verilib. Belə idman qurğuları arasında bölgələrdə də inşa olunanlar yetərincədir. Eyni zamanda, hələ də yenidən qurulmasına ehtiyac duyulan stadionlara rast gəlinir. Belələrindən biri Qubada yerləşən Şəhər Stadionudur. Vaxtilə bu stadionda Qubanın müxtəlif komandaları Azərbaycan çempionatlarında, hətta SSRİ miqyaslı yarışlarda çıxış edərək, minlərlə tamaşaçının rəğbətini qazanıblar. Lakin son illər bu rayon hətta Azərbaycanın I divizionunda təmsil olunmur. Üstəlik, Quba Şəhər Stadionu məhvolma təhlükəsi ilə üzləşib”. Lent.az-ın məlumatına görə, bu fikirlər İdman Araşdırmalar Mərkəzinin yaydığı bəyanatda əskini tapıb.
Rəsmi açıqlamada bildirilir ki, Quba Şəhər Stadionunda meydanın ot örtüyünü bataqlıq əvəzləyib, tribunalar sökülüb, bir sözlə, stadion tanınmaz hala düşüb. Halbuki yerləşdiyi məkan bu idman qurğusunun müasir və beynəlxalq standartlara uyğun vəziyyətə gətirilməsini zəruri edir: “2007-ci ildə stadion ərazisində yenidənqurma işləri zamanı kütləvi məzarlıq aşkarlandıqdan sonra meydanın arxa qapısına yaxın hissəsində Quba Soyqırımı Memorial Kompleksinin tikintisi aparılıb. Meydanın sağ tərəfi boyunca Qudyalçay axır, solu isə meşəlikdir. Stadion yenidən qurularsa, görünüşü ilə dünyanın bir çox ekzotik arenalarından geri qalmayacaq. Digər tərəfdən, Quba şəhər stadionunu müasirləşdirmək tarixi və siyasi baxımdan da önəmlidir. Çünki meydanın arxasındakı Quba Soyqırımı Memorial Kompleksinin bütün qonaqların diqqətini cəlb edəcəyi şübhəsizdir. Bu da ermənilərin Azərbaycanın müxtəlif bölgələrində 1918-ci il martın 30-da və 31-də törətdikləri vəhşilikləri bütün dünyaya nümayiş etdirməkdə daha bir önəmli vasitə rolunu oynayacaq”.
Bütün bunları nəzərə alaraq, İAM təklif edir ki, Quba Şəhər Stadionu beynəlxalq tələblərə uyğun və Azərbaycandakı digər arenalardan ekzotik görkəmi ilə fərqləndirilməklə, yenidən qurulsun, arena Azərbaycanlıların Soyqırımı gününün xatirəsinə 31 Mart Stadionu adlandırılsın və stadion təkcə respublikadaxili deyil, FİFA-dan müvafiq lisenziya alınmaqla, beynəlxalq səviyyəli oyunlar keçirmək üçün də əlverişli vəziyyətə gətirilsin.
Qeyd edək ki, ötən gün Lent.az Quba Şəhər Stadionunun son görüntülərini yayıb. Fotoşəkillərdən meydanın tanınmaz hala düşdüyü açıq-aydın görmək olar.