Rusiya prezidenti Vladimir Putinə taekvondo üzrə fəxri 9-cu dan kəmər və diplom verilib. Lent.az-ın məlumatına görə, Putini Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Çu təltif edib.
9-cu dan taekvondoda ən yüksək inkişaf pilləsi sayılır. Bu adın sahibi döyüş sənətinin və mənəvi inkişafın bütün incəliklərini bilən dahi usta sayılır. Çunun sözlərinə görə, dünyada yalnız bir neçə şəxsə belə fəxri kəmər verilib. Daha öncə ABŞ, İndoneziya, Honduras, İspaniya, Xorvatiya və Pakistanın prezidentləri və liderləri 9-cu dana layiq görülüb.
Çu deyib: “Biz yaxşı bilirik ki, Rusiya prezidenti döyüş növlərini sevir və onlarla aktiv məşğul olur. Bu səbəbdən, Rusiyanın taekvondo yığması dünyada yüksək yerlərdə qərarlaşıb”.
Putin isə özünü belə yüksək mükafata layiq saymadığını bildirərək, 9-cu danı taekvondonun inkişafı istiqamətində görülən işlərə bir qiymət kimi dəyərləndirib.
Qeyd edək ki, WTF-yə dünyanın 205 ölkəsi üzv olub. Taekvondo ilə ümumilikdə 80 milyonadək insan məşğul olur.