Prosineçki: "Yığmanın problemi ölkə çempionatıdı"
06 oktyabr 2017 01:34 (UTC +04:00)

Prosineçki: "Yığmanın problemi ölkə çempionatıdı"

“Bizi çətin oyun gözlədiyini demişdim. Bu gün bunun bir daha şahidi olduq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununda Çexiyanı qəbul edən millimiz 1:2 hesablı məğlubiyyətə üzülüb. Matçdan sonra keçirilən mətbuat konfransında Prosineçki bunları deyib: “İlk dəfə hesabda geri düşəndən sonra qol vura bildik. Amma əfsuslar olsun ki, sonra yenə “ikinci mərtəbə”dən bizə qol vurdular. Ardınca Ramil Şeydayev əlinə düşən imkandan yararlana bilmədi. Buna baxmayaraq, komandamdan razı qaldım. Qələbə münasibətilə Çexiya yığmasını təbrik edirəm”.

 

- Almaniya ilə səfər matçından sonra Bakıya qayıdacaqsız? Yoxsa bu, sizin Azərbaycandakı sonuncu mətbuat konfransınızdı?

- Almaniya ilə oyundan sonra Bakıya qayıdacam. AFFA ilə ilin sonuna kimi müqaviləm var. Almaniyadakı matçdan sonra AFFA rəhbərliyi ilə görüşüb, gələcəyimlə bağlı danışacam.

 

- Yığmada qalası olsanız, nəyi dəyişmək fikrindəsiz?

- Futbolda səhvlər olur. Bu gün də komandam səhvlərə yol verdi. Standart vəziyyətlərdən çox qol buraxırıq. Bəzi mövqelərdə problemlər var. Azərbaycan yığmasında qalsam və ya başqa məşqçi gəlsə, iş çoxdu. Rəşad Sadıqova alternativ tapmaq lazımdı. Gələcəkdə gənc futbolçulardan istifadə etməliyik. Yəqin razılaşarsız ki, mən gələndən Azərbaycan yığması baxımlı futbol oynayır. Bunu güclü rəqiblərlə matçlarda da sübut etmişik. Təəssüflər olsun ki, bu gün Mahir Mədətov özünü göstərə bilmədi. Bəlkə də, ona 15 dəqiqə az şans verdiyim üçün məndən incimişdi. Amma yaxşı futbolçudu.

 

- “Bursaspor”un futbolçusu Dəniz Yılmaz son vaxtlar milliyə niyə dəvət almır?

- Martda Almaniya ilə oyuna Dəniz əsas heyətdə çıxmalı idi. Amma çıxmaq istəmədi. Milli formanı geyinmək istəməyən futbolçunu yığmaya dəvət etməyəcəm. Nə qədər ki, mən Azərbaycan millisini çalışdırıram, belə oyunçuları çağırmayacam. Məndən sonra kim gələcəksə, onu dəvət edib-etməmək öz işidi. Almaniya ilə görüşdə Dənizi qoyduğum mövqedə çıxış etmək istəmirdi.

 

- Məğlub olduğumuz matçlardan sonra da bütün məşqçilər gəlib, oyundan razı qaldıqlarını deyirlər. Amma heç kim bizə problemin nədən qaynaqlandığını söyləmir...

- Mən həmişə problemi demişəm. Bizdə əsas problem ölkə çempionatı ilə bağlıdı. Azərbaycanın ən güclü klubu “Qarabağ”ın müdafiəçiləri Rəşad Sadıqov və Bədavi Hüseynov daxili çempionatda kofe içə-içə futbol oynaya bilərlər. Sonra Çempionlar Liqasında Edin Dzeko kimi hücumçulara qarşı oynamalı olursan. Avropada futbolçular həftədə 2-3 dəfə bu cür matçlar keçirirlər. Azərbaycan çempionatında isə rəqabət yoxdu və problem bundadı.

 

- 3 gün sonra Almaniya ilə matça çıxacaqsız. Belə zəif oyunla bu cür çətin rəqiblə görüşdən nə gözləyirsiz?

- Almanların qarşısına nəsə çıxarmaq, sürpriz etmək çətindi. Bu, təkcə Azərbaycan yığmasının problemi deyil. Onlarla oynamaq hamı üçün ağırdı. Bugünkü matçın gedişində Bədavi zədə aldı. Almaniyada oynayıb-oynamayacağını bilmirəm. Bizi çətin matç gözləyir. 3 gün sonra bu cür rəqibə qarşı mübarizə aparacağıq. Matça kimi komandanı formaya gətirmək lazımdı. Səfərdə yaxşı oyun göstərmək istəyirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397
avatar

Oxşar yazılar