Prezident: “Ölkəmizdə mötəbər beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrilib”
04 oktyabr 2013 13:53 (UTC +04:00)

Prezident: “Ölkəmizdə mötəbər beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrilib”

Dövlət başçısı İlham Əliyev idmançıları qəbul edib

 

Oktyabrın 4-də prezident İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, idmançılarımızı İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün uğurlu olan bu oyunlarda idmançılarımız ümumilikdə 24 medal qazanmışlar ki, onlardan da 6-sı qızıldır. “Bu qələbə onu göstərir ki, Azərbaycan idman dövlətidir. Ölkəmizdəki idman qurumlarının hamısı bir məqsədə xidmət edir ki, Azərbaycanın uğurları daha da artsın”, - deyən prezident İlham Əliyev ölkəmizin dünyada İslam həmrəyliyinin daha da gücləndirilməsi işinə töhfə verdiyini, bu sahədə öz səylərini gücləndirdiyini bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” olmuş, 2018-ci ildə isə Naxçıvan bu missiyanı yerinə yetirəcək. İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbələrin təsadüfi xarakter daşımadığını deyən Azərbaycan prezidenti keçənilki London Olimpiya Oyunlarında 10, bu il Kazanda keçirilən universiadada isə 16 medal qazanıldığını bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu qələbələrin təməlində düşünülmüş siyasət dayanır. “Təsadüfi deyil ki, idmançılar üçün yaradılan şərait daha da yaxşılaşır və bu gün Azərbaycanda 40 Olimpiya mərkəzi fəaliyyət göstərir, bununla da idmanın kütləviliyi təmin olunur. Ölkəmizdə mötəbər beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrilib.

2015-ci ildə ilk Avropa Oyunları Bakıda keçiriləcək və hazırlıq işləri ən yüksək səviyyədə aparılır. 2017-ci ildə isə Bakı növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək”.
 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Taekvondo üzrə milli komandanın baş məşqçisi Gündüz Abdullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Oyunların keçirildiyi Palembanq şəhərində “Bakı 2017” Təşkilat Komitəsi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsinə həsr olunan “Azərbaycan günü”nün yüksək səviyyədə təşkil edildiyini bildiriblər.
 

Prezident İlham Əliyev idmançılarımızı parlaq qələbələri münasibətilə bir daha təbrik edib.
Sonda xatirə şəkli çəkdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817
avatar

Oxşar yazılar