Bu gün Mərdəkanda yerləşən Futbol Mərkəzinin ərazisində Azərbaycanın futbol üzrə milli komandaları üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilib. “Apasport.az” saytının xəbərinə görə, mərasimdə AFFA prezidenti Rövnəq Abdullayev və UEFA prezidenti Mişel Platini də iştirak edib.
Tədbirdən öncə jurnalistlərin suallarını cavablandıran M. Platini Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü deyib. UEFA rəhbəri Azərbaycan prezidentinin futbolu sevən insan olduğunu söyləyib: “O, mənim vaxtilə yaxşı futbolçu olduğumu dedi. İlham Əliyev futbolu çox sevir. İstəyir ki, Azərbaycan dünya çempionu olsun. Ancaq bunun üçün aşağı yaş qruplarından işə başlamaq lazımdır”.
M. Platini AFFA-ya ayrılan maliyyə dəstəyindən də danışıb. Qitə futbol qurumunun rəhbəri bildirib ki, assosiasiyalar arasında AFFA-dan daha çox maliyyə dəstəyinə ehtiyacı olanlar var: “Bizim üçün fərqi yoxdur. İstər böyük, istər kiçik assosiasiyalara fərq qoymuruq, 54 üzvün hamısına maliyyə dəstəyi veririk”.
Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.