Peşəkar Futbol Liqası (PFL) hər ayın ən yaxşı futbolçusu üçün təsis etdiyi mükafatı başqası ilə əvəz etməyə yaxındır. Apasport.az saytının məlumatına görə, artıq bu mükafat “Ayın bombardiri”nə çevrilməyə başlayıb.
Əvvəlki illərdə quru seriyaları ilə rekordlar qıran qapıçılar, müdafiədə etibarlı oyunu ilə seçilərkən kölgədə qalan futbolçulara rast gəlmişik. Sonda 2-3 qol vuran birisi isə “Ayın futbolçusu” seçilirdi. Buna layiq olub-olmamağına baxmayaraq.
Deyəsən, cari mövsümün ilk qalibi də elə bu yolla seçilir. Əldə etdiyimiz məlumata görə, “Bakı”nın futbolçularından ya Mindauqas Kalonas, ya da Cavid Hüseynov avqustun ən yaxşısı seçilib. Onların hər ikisi yaxşı futbolçudur. Təbii ki, çempionatımız səviyyəsində. Daha səviyyəli futbolçu olsaydılar, daha güclü liqalarda çıxış edərdilər. Buna heç kim şübhə etmir. Amma onlar avqustun ən yaxşısı olmağa layiq deyil. Bütün faktlar da bunu deyir.
Avqustun 31-də start götürən V turun ilk günündən sonra “Bakı” 5-ci pillədə qərarlaşmışdı. 5 oyunda 9 xal toplayan komanda “Qəbələ” və AZAL qarşısında aciz qaldıqdan sonra 3 qələbə qazanmışdı. Nəticədə ortabab mövqelərdə idi. Ən yaxşı isə ən yaxşılardan – liderlərdən olmalıdır. Çünki yaxşı komandanı da yaxşı edən onun futbolçusudur, ortabab edən də. Yoxsa harada görünüb ki, ortabab komandanın üzünə “Qızıl top” versinlər.
Baxın, həmişə dünya, Avropa çempionları, titul qazanmasa belə nəhəng komandanın oyunçusu ən yaxşı seçilir. Əslində, titulsuz nəhəng dedikdə yalnız Lionel Messi bunu bacarır. Çünki o Messidir, komandası isə “Barselona”dır. Digər hallarda isə ən yaxşı komandanın üzvü hamıdan güclü sayılır.
Bizdə isə... Bəlkə bizim xəbərimiz yoxdur - “Bakı” “Barselona”dır, Cavid ya da Mindauqas isə Messi imiş.
Düzdür, həm Kalonas, həm də Hüseynov avqustda 3 qol vurub. Amma belələri üçün də mükafat var: Ən yaxşı bombardir. DÇ-1994 yadınızdadır? Rusiya yığmasında çıxış edən Oleq Salenko təkcə Kameruna 5 qol vurmuşdu. Sonda isə bolqarıstanlı Xristo Stoiçkov birgə - 6 topla bombardir mükafatını – “Qızıl buts”u böldülər. Ən yaxşı kimi “Qızıl top”u isə onlar deyil, çempion – Braziliyanın lideri Romario qazandı.
Bizdə isə avqustun lideri “Qarabağ” idi: 4 oyunda 4 qələbə. “Neftçi”nin 5 oyundan 10, AZAL-ın 4, “Qəbələ”nin 5 oyundan 9 xalı var idi. Onların hamısı “Bakı”dan öndə qərarlaşmışdı. Paytaxtın eyniadlı təmsilçisi isə 5 oyunda 3 qol buraxmaqla diqqət çəkmişdi. Ayın son 3 matçında qapısından qol buraxmamaqla qələbələrdə pay sahibi olan Kamran Ağayevin də haqqı daha çox çatırdı ən yaxşı adına, nəinki komanda yoldaşları. Amma “Qarabağ”lılardan sonra. Ağdam təmsilçisinin sentyabrdakı büdrəmələri isə avqust kimi qəbul olundu. Bəlkə də günahkar respondentlərdir. Amma PFL “yatmayıb”, sorğunu ay bitən kimi keçirsəydi, respondentlər də oyunları qarışdırmazdı.
Əslində, Kalonasla Hüseynovun ən yaxşı bombardir adını qazanması da sual altındadır. Axı avqustda 6 futbolçu hərəyə 3 qol vurub. Özü də Marinaldo da Silva (Qarabağ), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadzenin (İnter) komandaları 4 oyun keçirib. Mindauqas, Cavid və Bahodir Nasimov (Neftçi) isə 5 dəfə meydana çıxan komandası üçün qollar vurub.
Çoxları “Bakı”nın “Neftçi”ni 3:0 hesabı ilə darmadağın etməsini önə çəkə bilər. Amma həmin oyunda nə Kalonas fərqlənib, nə də Cavid. Kalonasın bütün qolları faydasız olub. Autsayder “Rəvan”la oyunda dubl edən litvalı olmasaydı hesab 5:0 yox, lap 3:0 olacaqdı. Mövsümün ilk qolunun müəllifi kimi mükafatı haqq edən legioner “Qəbələ” ilə görüşdə rəqib qapısına yol tapsa da, Viktor Mendi 2 qolla “Bakı”nı xalsız qoymuşdu.
Elə Cavidin də 1 qolu “Rəvan”a vurulub. Amma “Simurq”la qarşılaşmadakı dubl sayəsində Hüseynov qələbədə rol oynayıb. Çünki 3:0 hesabı ilə bitən görüşdə hesabı açmaqla rəqibin müqavimətini yarımmüdafiəçi qırmışdı.
PFL yatır, layiq olmayanlar mükafat alır
1142