Özünüzü söydürməyin
01 oktyabr 2013 14:33 (UTC +04:00)

Özünüzü söydürməyin

Şamo

 

Hakimliyə yeni başlayan gənclə ərə gedən qızın taleyində oxşar bir cəhət var: birinin cibinə, digərinin sandıqçasına daş qoyulur. Düzdür, artıq gəlin köçənlərlə bağlı bu adət tarix olmaqdadır. İnternet, mobil telefon çağında qızını “bu daşdan səs çıxsa, sən də dinərsən” deyib, yola salanlara rast gəlmək müşkül işdir. Lakin ədalət keşikçiləri üçün bu prinsip dəyişməz olaraq qalmaqdadı. 

Hakimlik – həqiqətən çox çətin peşədi. Peyğəmbər övladı olub, istənilən matçda zərgər dəqiqliyi ilə qərarlar qəbul etsən belə, sənin özündən başlayaraq, yeddi arxa dönənini söyənlər mütləq tapılacaq. Hər kəsi razı salmaq mümkün deyil, idmanın, futbolun, mahiyyəti budu. Mübarizə olan yerdə bu kimi halların yaşanacağını hakim olmağa qərar verən hər bir şəxs də bilir. Bilməsə də, öyrədirlər. 

Hakim - ədalət keşikçisi olmaqla yanaşı, istənilən söyüşə, təhqirə qarşılıq vermək hüququ əlindən alınan bir şəxsdi. Hər insan bu şərtləri göz önünə alıb, ədalət təmsilçisi olmaq istəməz. Çünki bu məsələ yalnız oyun idarə edən zaman kütlə tərəfində söyüşə “qonaq edilməklə” bitmir. Küçədə gedərkən və ya ailənlə birlikdə haradasa istirahət edən zaman hansısa ağıldanqıvrağın təhqirləri ilə üzləşmək ehtimalı hər zaman böyükdü. İstər Azərbaycan olsun, istər Almaniya, istərsə də Haiti. Şərtlər hər yerdə eynidi. 

Hakim – fərqli səbəblərdən və fərqli şəxslər tərəfində söyüş və təhqirlə üzləşə bilər. Sıravi azarkeşlərin “xoş sözləri” heç vaxt onların qulaqlarından əksik olmur. Lakin bəzi hallarda futbolçular və klub rəsmiləri tərəfindən də analoji təzyiq ola bilər. Necə ki, başa vurduğumuz futbol həftəsində bu qəbildən olan iki olaya şahidlik etdik: biri Premyer Liqada, digəri U-17 liqasında yaşandı. Hər iki halda söyülən hakimlər olsa da, olayların mahiyyəti fərqlidi.

“Simurq” – “Qəbələ” görüşündə meydan sahiblərinin futbolçusu, bir neçə ay öncə jurnalist həmkarlarımızdan birinə qarşı sayğısızlıq edən İlkin Qırtımov yenə “qəhrəmanlıq” etdi. Zaqatala klubunun kapitan sarğısını daşıyan müdafiəçi adi oyun epizodunda yan xətt hakiminin valideynini təhqir etdi və referi Fariz Yusifov haqlı olaraq onu meydandan qovdu. 

U-17 liqasının açılış turunun “İnter” – “Qəbələ” duelində isə gənc referi Elməddin İsgəndərov meydan sahiblərinin qapısına elə bir penalti təyin etdi ki, bunu xaricdə izləsələr, el-aləm bizə gülər. Lakin həmin vaxt stadionda olan 3-5 azarkeş, eləcə də meydan sahibinin nümayəndələri, məşqçi heyəti gülmədilər, əvəzində İsgəndərovu dilimizin imkanları daxilində bütün söyüşlərə “qonaq etdilər”.

Səhvin böyük və kiçikliyindən asılı olmayaraq, hakimlərin təhqir olunmasının əleyhinəyəm. Xüsusən də, ailəyə, valideynə yönələn söyüşlər qəbuledilməzdi. Məsələn, Qırtımov etdiyi hərəkətini danmaqdansa, laynsmandan, ictimaiyyətdən üzr istəməlidi. İsgəndərovun üzləşdiyi aqibətə gəlincə, onun da söyülməsinə üzülürəm. Ancaq həmin epizodda penalti vermək... 

Sizi əmin edirəm ki, ölkə kubokunun finalında Saşa Stamenkoviçin əməllərini müqəvva kimi seyr edən Əliyar Ağayev belə, bu cür kobud səhvə yol verməzdi. “Quşlamağ”ın da təhəri var da. Vallah, hər kəs bacardığı işlə məşğul olsa yaxşıdı. Hakimliyi bacarmırsansa, get, daş-qum qaldır, sürücü işlə, hansısa başqa bir işin qulpundan yapış. Ayıbdır, boşuna özünüzü söydürməyin...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1101
avatar

Oxşar yazılar