XXX Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırmış güləşçi Toğrul Əsgərov özü üçün fermer təsərrüfatı yaradıb. Lent.az-ın “moderator.az” istinadən verdiyi xəbərə görə, Əsgərovun qohumları məlumat verib.
Onlar bildiriblər ki, əlində 1 milyon manatdan artıq pulu olan Toğrul Əsgərov bu vəsaiti sərmayəyə çevirib. Olimpiya çempionumuz yaşadığı Gəncə yaxınlığındakı Samux rayonu ərazisindən ferma və torpaq sahəsi alıb və orada 1000 baş qoyun da saxlamaq qərarına gəlib. O, həmçinin əkin-biçin üçün texnika da alıb. Yaxınları Əsgərovun idmanı davam etdirib-etdirməyəcəyi barədə isə qəti söz deməyiblər.
Qeyd edək ki, indiyədək olimpiya çempionu olan idmançılarımız sonradan idmanı atıblar. Buna səbəb kifayət qədər varlanmaları və həyatlarını eyş-işarətə həsr etmələri olub. Hətta YAP-çı deputat Siyavuş Novruzov Milli Məclisdəki çıxışlarında onları tənqid edib. Deputat bildirib ki, növbəti yarışlarda uduzan olimpiya çempionları idman eləmək əvəzinə başqa həyat tərzi seçirlər. Toğrul Əsgərovun da başını fermer təsərrüfatına qatması onun idmandan vaz keçdiyini göstərir.
****