Quba Şəhər Stadionunun acınacaqlı durumu ilə bağlı Lent.az-da dərc olunmuş fotomaterialdan sonra İdman Araşdırmalar Mərkəzi (İAM) arenanın gələcəyinə dair təkliflərini irəli sürdü. İAM stadionun beynəlxalq tələblərə uyğun və Azərbaycandakı digər arenalardan ekzotik görkəmi ilə fərqləndirilməklə, yenidən qurulmasını, Azərbaycanlıların Soyqırımı gününün xatirəsinə 31 Mart Stadionu adlandırılmasını və təkcə respublikadaxili deyil, FİFA-dan müvafiq lisenziya alınmaqla, beynəlxalq səviyyəli oyunlar keçirmək üçün də əlverişli vəziyyətə gətirilməsini təklif etdi.
Stadionun tanınmaz hala düşməsi AFFA rəhbərliyini də narahat etməyə başlayıb. Federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Lent.az-a açıqlamasında təklifləri müsbət qarşıladıqlarını bildirib. Onun sözlərinə görə, qurumun baş katibi Elxan Məmmədovun tapşırığına əsasən, Qubadakı idman qurğusunun hansı təşkilatın balansında olduğu araşdırılır: “Stadion AFFA-nın balansında olmadığından, irəli sürülən təkliflərin yerinə yetirilməsi barədə məsələ qaldıra bilmərik. Amma hansı quruma məxsus olduğunu öyrəndikdən sonra müəyyən addımlar atacağıq”.
Quba rayon icra başçısının I müavini Yusif Abidov da məsələ ilə bağlı Lent.az-a danışıb. O bildirib ki, hazırda stadion ərazisində Quba Soyqırımı Memorial Kompleksi tikilib. Kompleksin açılışı yaxın vaxtlarda olacaq. Stadionun qalan hissəsində isə Helikopter Meydanı salınacaq. Abidovun sözlərinə görə, futbol matçları zamanı Quba Olimpiya Kompleksinin ərazisindəki 5000 tamaşaçı tutumuna malik stadiondan istifadə oluna bilər. Şəhər stadionunun qalan hissəsinin helikopter meydanına çevrilməsinə Quba Soyqırımı Memorial Kompleksi istifadəyə verildikdən sonra başlanılacaq. Rayon rəsmisi tanınmaz hala düşən stadionun artıq ləğv edilmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) balansında olduğunu da əlavə edib.
Lakin cəmiyyətin sabiq sədri, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışan general-mayor Novruzəli Orucov Lent.az-a bildirib ki, Quba Şəhər Stadionu heç vaxt KHVTİC-in balansında olmayıb.
Lent.az-ın araşdırmaları zamanı məlum olub ki, stadion vaxtilə “Məhsul” Cəmiyyətinin nəzdində fəaliyyət göstərib. Bunu cəmiyyətin sədri Ələddin Mirzəyev də saytımıza təsdiqləyib. Lakin onun sözlərinə görə, sonradan stadion Qubanın “Şahdağ” klubuna verilib. O “Şahdağ”ın ki, hazırda fəaliyyət göstərməsə də, 2006 – 2009-cu illərdə Azərbaycan çempionatının I divizionunda çıxış edib. Komandanın sabiq məşqçisi Telman Əzizov Lent.az-a bildirib ki, “Şahdağ”ın məqsədi səviyyəli oyunçular yetişdirməkdən ibarət olub. Lakin məhz Quba Şəhər Stadionu ərazisindən kütləvi məzarlığın aşkarlanmasından və Quba Soyqırımı Memorial Kompleksinin inşasına başlanılmasından sonra klub rəhbərliyinin əli işdən soyuyub və sponsorlar “Şahdağ”dan imtina edib.
Beləliklə, daha bir stadion Azərbaycanın futbol xəritəsindən silinmək üzrədir. Yəqin ki, Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməyə gələnlər vaxtilə minlərlə azarkeşin sevimli məkanına çevrilmiş stadionun da gününə ağlamalı olacaqlar.