Braziliya milli komandasının futbolçusu Neymar Lionel Messi və dostlarından ibarət komanda ilə dünyanın qalan ulduzları arasında keçirilmiş yoldaşlıq görüşündə meydanın mərkəzindən qol vurub. Lent.az-ın məlumatına görə, gənc hücumçu oyunun ikinci yarısında Messinin komandası 8:4 hesabı ilə öndə olduğu vaxt fərqlənib.
Bu, oyunda sonuncu olub və dünyanın qalan ulduzları 3 top fərqli məğlubiyyətdən qaça bilməyib. Perunun paytaxtı Limada keçirilmiş xeyriyyə matçını Messi fondu təşkil edib. Argentinalı ulduz öz komandasının kapitanı olub. “Sambaçı” isə dünya yığmasını meydana çıxarıb. İlk yarıda Messinin komandası rəqib qapısından 5 cavabsız top keçirib. Fasilədən sonra dünya yığması fərqi azalda bilib.
Qeyd edək ki, oyunun gedişində futbolçular bir komandadan digərinə keçiblər. Məsələn, Daniel Alves həm Messinin komandasında, həm də dünya yığmasının heyətində qol vurub. Alvesdən başqa Messi, Neymar və Esekyel Lavessi hərəyə 2 dəfə fərqlənib. Qalan qolların müəllifləri Pablo Osvaldo, Pablo Aymar, Qaston Ramires, Floran Maluda və Dieqo Buonanotta olub.