Apasport.az saytının məluamtına görə, bunu “Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanov deyib.
O, bu gün təyinatı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. “Neftçi” ilə 2 illik müqaviləyə imza atan Süleymanov bildirib ki, belə bir klubun baş məşqçisi olmaq böyük qürurdur: “3 il ardıcıl çempion olmuş və Avroliqada oynamış bir klubda işləmək böyük məsuliyyət tələb edir. Mən də çalışacam ki, məqsədlərimizə çatmaq üçün əlimizdən gələni edək”.
Çalışdırıcı qarşısına qoyulan məqsədlərdən də danışıb: “Hər bir məşqçinin qarşısına müəyyən məqsəd qoyulur. Bu yolun biz davamçılarıyıq. Bu tək məndən yox, bütün kollektivdən asılıdır. Hədəfimiz “Neftçi”nin çempionluğunu təkrarlamaq və yenidən minimum Avroliqanın qrupuna düşməkdir”.
Süleymanov köməkçi məşqçi məsələsinin hələ açıq qaldığını bildirib: “3 məşqçi istefa verib. Onlara uğurlar arzulayıram. Qapıçı və fiziki məşqçinin kimliyi hələ açıq qalır. Fasilə zamanı bu məsələyə aydınlıq gətirəcəyik”.
Qeyd edək ki, “Neftçi” rəhbərliyi Superkubokda “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra məşqçilər korpusunu istefaya göndərmişdi.