Konqo Demokratik Respublikasının basketbol üzrə qadınlardan ibarət yığmasının 7 üzvü Fransanın Nitsa şəhərində keçirilən beynəlxalq Frankofoniya Oyunları zamanı itib. Lent.az-ın “LaDépêche.fr”ə istinadən məlumatına görə, basketbolçulardan əlavə, 2 konqolu velosipedçi və 1 futbolçu yoxa çıxıb.
Onlar hərəyə 1000 manat mükafat aldıqdan sonra məskunlaşdıqları məkanı tərk ediblər. Konqo nümayəndə heyətinin rəhbəri Bartelemi Okito Oleka bildirib ki, basketbol yığması ¼ finala vəsiqə qazanmış, velosipedçilər isə ölkənin ən güclüləri idilər. Olekanın sözlərinə görə, idmançıların bu hərəkəti ölkənin imicinə mənfi təsir göstərəcək. O bildirib ki, “fərarilər”in pasportları məşqçilərdə qalıb. Məşqçilər atletlərlə idman agentlərinin əlaqə qurmaları səbəbindən bu qərarı veriblər. Oleka həmin agentləri konqolu idmançıları böyük pullar vəd edərək, ələ almağa çalışan mütəşəkkil dəstə ilə müqayisə edib.
Qeyd edək ki, Frankofoniya Oyunları 1989-cu ildən keçirilir. Beynəlxalq Frankofoniya Təşkilatının yarışına fransızca danışan ölkələrin idmançıları qatılırlar. Onlar əsasən keçmiş Fransa koloniyalarındandırlar.