“Mənim üçün həm Azərbaycan, həm də İsrail millisi əzizdir. Hər iki komandadan çox gözəl oyun gözləyirəm. Arzu edirəm ki, görüş dostluq şəraitində keçsin və qonşularımız baxıb paxıllıq etsinlər”. Bu fikirləri Lent.az-a açıqlamasında millət vəkili, Azərbaycan – İsrail parlamentlərarası münasibətlər üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyib.
Əslən dağ yəhudisi olan Abramov sentyabrın 7-də Ramat-Qan şəhərində iki ölkə yığmaları arasında keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçını stadiondan izləyə bilməyəcəyini söyləyib. Millət vəkili səbəb kimi hazırda Qubada seçiciləri ilə görüşlər keçirməsini göstərib. Amma o, hazırda İsraildə yaşayan qubalı yəhudilərin millimizə azarkeşlik edəcəklərini vurğulayıb: “Hamımız istərdik ki, Azərbaycan millisi qələbə qazansın. Amma futbolda qələbəni qazanan azarkeşlər yox, komanda olur”.
Qeyd edək ki, sabah keçiriləcək İsrail – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.