Mehriban Əliyeva: “Azərbaycan bu tarixin ilk səhifəsini yazan ölkə olacaq” - YENİLƏNİB
28 oktyabr 2013 18:52 (UTC +04:00)

Mehriban Əliyeva: “Azərbaycan bu tarixin ilk səhifəsini yazan ölkə olacaq” - YENİLƏNİB

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Əlaqələndirmə Komitəsinin oktyabrın 28-də ikinci toplantısı olub. Lent.az-ın məlumatına görə, Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak edib.
 

Toplantıya sədrlik edən Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirib ki, bu oyunlar ölkəmiz üçün etimad, yeni imkanlar və çox böyük öhdəlik deməkdir: “Bu gün Azərbaycan idman ölkəsi kimi tanınır və bizim ölkəmizdə mötəbər yarışların keçirilməsi bir ənənə halını alıb. Azərbaycanda mütəmadi olaraq Avropa və dünya çempionatları keçirilir. Həm bizim qonaqlar, həm də mütəxəssislər bu tədbirlərin yüksək səviyyədə keçirildiyini təsdiqləyirlər. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaq. Bir daha qeyd etmək istərdim ki, Azərbaycan xalqı bu oyunları dəyərləndirir və ölkəmizin Avropa idmanının tarixində çox böyük rol oynayacağı bu oyunlarla bağlı məsuliyyətini dərk edir. Eyni zamanda, Azərbaycan hökuməti oyunlara hərtərəfli dəstək verir, onun uğurla keçməsi və Avropa idmançılarının parlaq çıxışları üçün əlindən gələni edir”.

 

Mehriban Əliyeva Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin birinci iclasından sonra keçən dövrdə bir çox nailiyyətlərin əldə edildiyini vurğulayaraq bildirib ki, bugünkü iclasda görülən işlər haqqında təfərrüatlı təqdimatlar olacaq. Artıq idman yarışlarının cədvəl layihəsi tərtib olunub, oyunlarda iştirak edəcək rəsmilərin, idmançıların, həmçinin medalların sayı və yarışların baş tutacağı günlər nəzərdən keçirilib. İdman tədbirlərinin təşkil olunacağı məkanların siyahısı tamamlanıb, maliyyə məsələləri təhlil olunub.
Mehriban Əliyeva çıxışında Olimpiya şəhərciyində aparılan işlər haqqında da danışıb. Qeyd edib ki, media şəhərciyinin inşa ediləcəyi yer müəyyən olunub, Avropa Olimpiya Oyunlarının rəsmi internet saytının ilkin versiyası yaradılıb, kommunikasiya strategiyası işlənilib, oyunların yayımı məsələsi ilə bağlı razılıq əldə edilib.
Bakı şəhərinin oyunlara hazırlıq səviyyəsinin mühüm əhəmiyyət daşıdığını deyən Mehriban Əliyeva bu gün Azərbaycan paytaxtının inkişafı ilə bağlı layihələrin icra olunduğunu, yeni aeroportun inşa edildiyini, istirahət məkanlarının, parkların salındığını diqqətə çatdırıb.
Mehriban Əliyeva qalan müddətdə bütün əlaqəli qurumlar arasında sıx əməkdaşlığın təmin olunmasının vacibliyini bildirib və Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.
Sonra çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən işləri yüksək qiymətləndirib və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2255
avatar

Oxşar yazılar