“Baku Fires” klubu WSB (Ümumdünya Boks Seriyası) Liqasında növbəti görüşünü fevralın 8-də keçirəcək. Lent.az-ın məlumatına görə, VIII tur matçında rəqib Polşanın “Hussars Poland” komandası olacaq.
Quba Olimpiya Kompleksində təşkil olunacaq döyüş saat 19:00-da başlanacaq. Komandamız 7 turdan sonra B qrupunda 4-cü yeri tutur. Hesabında cəmi 1 xal olan polşalılar isə sonuncu pillədədirlər. İki komanda arasındakı ilk görüşdə “Baku Fires” səfərdən böyük hesablı qələbə ilə dönüb – 5:0. Artıq komandaların heyətləri də məlumdur:
52 kq. Murad Rabadanov – Mariuş Koç
60 kq. Məhəmmədrəşid Cəbrayılov – Mateuş Polski
69 kq. Kamil Əhmədov – İreneuş Zakrzevski
81 kq. Teymur Məmmədov – Piotr Podluçki
+91 kq – Məhəmmədrəsul Məcidov – Arkadiuş Toborek
Bu döyüşdə “Baku Fires”in heyətində 3 yeni boksçu rinqə çıxacaq. Baş məşqçi Nuripaşa Talibov Rabadanov, Cəbrayılov və Əhmədova WSB Liqasında debüt imkanı qazandırıb. Bu dəfə Quba azarkeşləri milli komandamızın liderləri Teymur Məmmədovla Məhəmmədrəsul Məcidovun çıxışını böyük maraqla izləyəcəklər. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Məmmədov liqada ilk görüşünü 23 yaşlı Piotr Podluçkiyə qarşı keçirəcək. Polşalı boksçu WSB Liqasında 1 döyüşdə rinqə çıxıb və məğlub olub.
2 qat dünya çempionu Məhəmmədrəsul Məcidov isə oktyabrdakı dünya çempionatından sonra ilk dəfə rinqə çıxacaq. Məcidovun rəqibi Toborek də WSB Liqasında 1 görüş keçirərək, uduzub.
“Hussars Poland” klubunda ən təcrübəli boksçu 69 kq çəki dərəcəsində vuruşacaq İreneuş Zakrzevskidir. 21 yaşlı idmançı liqada 3 dəfə rinqə çıxıb, 1 qələbə qazanıb. O, 2012-2013-cü il mövsümündə “Baku Fires”in üzvü Mixail Veselova yenilib.
7 turdan sonra B qrupunda xal durumu:
1. Coba Domaderos – 21 xal
2. Astana Arlans – 16
3. Rusiya – 13
4. Baku Fires – 11
5. Mexico Gurerreros – 5
6. Hussars Poland – 1.
Bu həftə “B” qrupunda daha 1 görüş baş tutacaq. “Mexico Guerreros” doğma divarlar arasında “Astana Arlans”la qarşılaşacaq. Rusiya – “Cuba Domaderos” qarşılaşması isə təxirə salınıb.