Güləşçimiz dünya çempionatında finala yüksəldi - YENİLƏNİB
Azərbaycan güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında finala yüksəlib.
APA-nın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan 7 qat Avropa çempionu yarımfinalda çinli Yanan Sundan güclü olub.
Bu mərhələyə yüksəlməklə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən pəhləvan rəqibini 6:4 hesabı ilə məğlub edib.
Həlledici görüş sentyabrın 18-də keçiriləcək.
Millinin bu gün mübarizəyə qoşulan digər üzvü Türkan Nəsirova (53 kq) isə mundaiala məğlubiyyətlə başlayıb. O, təsnifat mərhələsində Nina Hemmerə (Almaniya) vaxtından əvvəl uduzub – 0:11. Rəqib finala kimi irəliləyə bilmədiyindən güləşçi yarışla vidalaşıb.
Qeyd edək ki, dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Azərbaycan yığmasının heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.
***
Saat. 12:00
Azərbaycan yığması 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
APA-nın məlumatına görə, qadın güləşçi Mariya Stadnik dördilliyin ən mötəbər turnirində çıxış hüququ əldə edib.
O, buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında nail olub. 50 kq çəki dərəcəsində yarımfinala vəsiqə qazanan M.Stadnik bununla da ilk “aıtılıq”da yerini təmin edib. Bu isə güləşçiyə Tokio-2020-yə vəsiqə verib.
Bu, onun karyerasında 4-cü Olimpiada olacaq. Pekin-2008-də bürünc mükafat qazanan güləşçi London-2012 və Rio-2016-da gümüş medala yiyələnib.
Dünya və yeddiqat Avropa çempionu 2020-ci ilin Olimpiya Oyunlarına vəsiqə qazanan ilk Azərbaycan güləşçisi olub. O, ölkəmizin ümumilikdə 3-cü lisenziyasının sahibidir. M.Stadnikə qədər iki idmançı bu hüquqa yiyələnib. Bunlar atletikanın çəkicatma növündə Anna Skidan və üzgüçü Maksim Şemberevdir.
Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunları 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
827