KURYOZ: “Mauqli” millimizin üzvünü təpiklədi - EKSKLÜZİV
23 sentyabr 2013 18:46 (UTC +04:00)

KURYOZ: “Mauqli” millimizin üzvünü təpiklədi - EKSKLÜZİV

Belarusda yaşayan K-1 döyüşçüsü Zabit Səmədov Azərbaycanın boks üzrə milli komandasının üzvü Teymur Məmmədovu zədələyib. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə yığmamızın Qırğızıstanda keçirdiyi təlim-məşq toplantısı vaxtı baş verib.

 

Həmin toplanışa Səmədov da qatılıb. O, Məmmədovla sınaq döyüşü zamanı gözlənilmədən ayaqlarını da işə salıb. Nəticədə boksçumuz xəsarət alaraq, məşqlərinə ara verməli olub.

 

Millimizin köməkçi-məşqçisi Nəriman Abdullayev Lent.az-a açıqlamasında belə bir hadisənin baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, Səmədov boksda yalnız əllə zərbə endirməli olduğunu unudub və Məmmədova K-1 döyüşlərindəki kimi təpik də atıb.

 

Abdullayev boksçumuzun elə də ciddi zədə almadığını söyləyib: “Düzdür, Teymur o zərbədən sonra 2 gün tam qüvvə ilə məşq edə bilmədi, amma tezliklə tam sağaldı və hazırda lazımi formadadır”.

 

Məşqçinin sözlərinə görə, Səmədova da irad bildirilib. Lakin K-1 döyüşçüsü ilə söhbət zamanı onun həqiqətən də bilmədən ayaq zərbəsi endirdiyi qənaətinə gəlinib. Abdullayev bildirib ki, Belarusda yaşayan həmyerlimiz Qırğızıstan toplanışını bu olaya görə yox, özünün döyüşünün olması səbəbindən yarımçıq tərk edib. Digər tərəfdən, Beynəlxalq Həvəskar Boks Assosiasiyası Zabit Səmədovun K-1 döyüşçüsü olmasını əsas gətirərək, onun boks yığmamızda yer almasına icazə verməyib.

 

Qeyd edək ki, Teymur Məmmədov Azərbaycan millisinin aparıcı boksçularından sayılır. Hazırda 20 yaşında olmasına rəğmən, o, böyüklər arasında 91 kq çəki dərəcəsində 2011-ci ildə Avropa çempionu və dünya çempionatının gümüş, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub. Qırğızıstandakı təlim-məşq toplantısı avqustun 24-dən sentyabrın 18-dək davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3704
avatar

Oxşar yazılar