Futbol üzrə Azərbaycan milli komandası sentyabrın 7-də İsrail yığması ilə səfərdə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçı öncəsi “Bakcell Arena”da mətbuat üçün açıq məşqə çıxıb. Lent.az-ın məlumatına görə, hazırlıq prosesinə “Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılovla “İnter”in qapıçısı Səlahət Ağayev qatılmayıb.
Səbəb kimi onların zədəli olmaları göstərilib. İsmayılovu heç kim əvəzləməsə də, Ağayevin yerinə “Bakı”nın qapıçısı Aqil Məmmədov çağırılıb.
Millimizin üzvləri qarşıdakı oyunla bağlı fikirlərini bildiriblər:
Kamran Ağayev: “Özümüzü yaxşı hiss edirik. Səfərə qələbə qazanmaq üçün yollanırıq. Buna hazırıq. İsrail millisi elə komandadır ki, qalib gəlmək olar. Bu gün rəqib haqda deyil, öz oyunumuz barədə düşünürük. Çünki rəqib haqda fikirləşsək, bu, bizə daha çətin olar. Vacib olan öz oyunumuzun uğurlu alınmasıdır. Yenə deyirəm, İsrailə qələbə qazanmaq üçün gedirik, qələbə qazanmalıyıq da”.
Ruslan Abışov: “Hər şey yaxşıdır. Artıq komandaya qoşulmuşam və işlər qaydasında gedir. İsrail yığması ilə oyuna yaxşı hazırlaşırıq. Oyun təcrübəm az olsa da, bunu hiss etdirməməyə çalışacam. İsrail yığması üçün də çox vacib oyundur. Çünki onlar “pley-off” mərhələsinə vəsiqə qazanmaq istəyirlər. Rəqibdən çəkinmirik. Düzdür, onlar doğma meydanda yaxşı çıxış edir, aqressiv futbol oynayır. Portuqaliya ilə matçda da bunun şahidi olduq. Buna rəğmən, komanda şəklində daha yaxşı oynamağa çalışacağıq. Rəqibdən çəkinməməli, baxımlı futbol sərgiləməliyik”.
Rüfət Dadaşov: “Çətin oyun olacaq, ancaq Bakıya qələbə ilə dönmək istəyirik. İsrail yığmasının bir neçə oyununu izləmişəm. Yaxşı futbolçuları var. Ancaq biz də zəif komanda deyilik. Qol vurmaq üçün əlimdən gələni edəcəm. Hazırda yaxşı formadayam. Millinin və klubumun son oyununda qol vurdum. Kimin qol vurmasının elə də fərqi olmayacaq. Vacib olan komandamızın yaxşı nəticə qazanmasıdır”.
Araz Abdullayev: “Klubumun son iki oyunda qələbə qazana bilməməsinin yığmadakı oyunuma təsir etməyəcəyini düşünürəm. Əsas məqsədimiz yaxşı oynayıb xal qazanmaqdır. Səfərə də bu məqsədlə çıxırıq. Baş məşqçi meydana buraxsa və hansı mövqedə şans versə, etimadını doğrultmağa çalışacağam”.