Türkiyənin “Çaykur Rizespor” klubunun futbolçusu Sercan Kaya Azərbaycan milli komandasına dəvət edilib. Lent.az-ın məlumatına görə, bu barədə 25 yaşlı hücumameylli yarımmüdafiəçi “Anadolu” agentliyinə açıqlamasında bildirib.
O deyib: “Mənə Azərbaycan yığması ilə bağlı bəzi təkliflər gəldi. Bir neçə nəfər mənimlə əlaqə saxlayaraq, “bu komandada forma geyərsən?” deyə soruşdu. Hətta heyətə də çağırıldım. Təklifə hələ cavab verməmişəm. Bizim üçün xeyirlisi nədirsə, o olsun”.
Millimiz növbəti oyununu sentyabrın 7-də səfərdə İsraillə keçirəcək. Bu, 2014-cü il dünya çempionatının seçmə qrup matçı olacaq. Yığmamızın Malta ilə avqustun 14-də keçirdiyi son oyunda Sercan iştirak etməyib. Onun fikirlərindən məhz İsraillə oyunun hazırlıq prosesinə dəvət edildiyini anlamaq olar. “Çaykur Rizespor” bu mövsümdən Türkiyə Superliqasına qayıdıb. Superliqanın ilk turunda bu komanda “Gənclərbirliyi”ni 1:0 hesabı ilə məğlub edib. Yeganə qolun müəllifi məhz Sərcan olub.
Qeyd edək ki, Sercan Kaya 15 mart 1988-ci ildə Türkiyənin İzmir şəhərində anadan olub. O, futbola 1999-cu ildə “Bucaspor”da başlayıb və 2007-ci ildə bu klubla peşəkar müqavilə bağlayıb. 2011-ci ildə Sercan “Trabzonspor”a keçib və 1 il sonra “Trabzon 1461”ə icarəyə verilib. 1,74 m boya malik pleymeker bu mövsümdən “Çaykur Rizespor”da çıxış edir. Kaya 2008-ci ildə Türkiyənin 20 yaşadək yığmasına dəvət olunub və 2 oyunda iştirak edib.