Azərbaycan üzgüçülük üzrə yarışlarda İslam Həmrəyliyi Oyunlarının medalını qazanıb.
Lent.az-ın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, 3-cü İslam Həmrəyliyi Oyunlarının üzgüçülük yarışlarında Azərbaycan idmançısı Yevgeni Lazuka baterflyay üsulla 50 metr məsafəyə üzmədə 24,61 saniyə nəticə ilə gümüş medal qazanıb.
Bu 24 yaşlı idmançının Azərbaycan bayrağı altında qazandığı ilk uğurudur. Belarus yığmasının heyətində isə yeniyetmələr arasında Avropa və dünya çempionu olub.
Qeyd edək ki, London olimpiadasında ölkəmizin şərəfini qorumuş Y.Lazuka bu ilin avqustunda Barselonada keçirilmiş dünya çempionatında bundan da yüksək nəticə göstərdiyini (24,14 saniyə) bildirib
İdmançımız sabah 3-cü İslam Oyunlarında ikinci medalını qazana bilər. Bunun üçün batterflyay üsulla 100 metr məsafəyə ən tez üzən 3 nəfərdən biri olmalıdır.
Sentyabrın 25-də isə Y.Lazuka sərbəst üsulla 50 metr məsafəyə üzəcək.