Monakoda “Golden Foot” (Qızıl Ayaq) mükafatının təqdimetmə mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, yaşı 28-dən az olmayan futbolçulara verilən mükafat bu dəfə Türkiyə “Qalatasaray”ının hücumçusu Didye Droqbaya qismət olub.
O, səsvermənin finalında İspaniya “Real Madrid”inin ulduzu Kriştiano Ronaldo və ötən mövsüm futbolçu karyerasını başa vurmuş Devid Bekhemi qabaqlayıb. Droqbanın birinciliyi qazanmasında Türkiyədən verilən səslər böyük rol oynayıb. Ümumilikdə builki mükafat uğrunda 10 futbolçu yarışıb.
Avropanın ən nüfuzlu mükafatlarından olan “Qızıl Ayağ”ın baş sponsoru "Land of Fire Azerbaijan" (“Odlar Yurdu Azərbaycan”) olub. Qala-gecədə “Bakı”nın prezidenti Hafiz Məmmədov da iştirak edib. Həmçinin “Lans”ın prezidenti Jerve Martel, Monako knyazı II Albert, əfsanəvi futbolçular Jan Pyer-Papen, Karlos Valderrama və Osvaldo Ardiles təqdimetmə mərasiminə qatılıb. Tədbirdən sonra H. Məmmədov Droqba ilə görüşərək, futbolçunu təbrik edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, daha öncə “Qızıl Ayağ”ı Fransa PSJ-sinin futbolçusu Zlatan İbrahimoviç qazanıb.