Hindistanın məşhur sərbəst güləşçisi Suşil Kumarın son açıqlaması Rusiyada böyük səs-küyə səbəb olub. Lent.az-ın məlumatına görə, 30 yaşlı pəhləvan Moskvada keçirilmiş 2010-cu il dünya çempionatının finalı öncəsi ona rüşvət təklif olunduğunu bildirib.
66 kq çəki dərəcəsində çıxış etmiş Kumar bildirib ki, rusiyalı Alan Qoqayevlə həlledici qarşılaşmadan əvvəl böyük məbləğdə pul qarşılığında görüşü uduzması istənilib: “Söhbət bir neçə min dollardan gedirdi. Hamısı ondan ötrü idi ki, mən finalda uduzum. Bəli, mənimlə birbaşa heç kim söhbət etmədi. Danışıqlar məşqçilərimdən biri ilə aparılmışdı. Bu barədə mənə dedikdə, birmənalı olaraq, imtina etdim”.
Kumar karyerası ərzində yeganə dünya çempionluğunu məhz Moskvada qazanıb. Həmin yarışın finalında o, Qoqayevi 2 hissəyə məğlub edib – 2:1, 1:0. Eyni zamanda hindistanlı pəhləvan 2008-ci il Pekin Yay Olimpiadasında bürünc, 2012-ci il London olimpiadasında isə gümüş medala sahib olub. Bundan sonra isə karyerasını başa vurub.
2010-cu il dünya çempionatında Rusiya millisinin baş məşqçisi olmuş Cambolat Tedeyev Kumarın açıqlamasını cəfəngiyyat və növbəti təxribat adlandırıb: “O, nəyə görə təklifin kimdən gəldiyini, ad-soyad açıqlamır. Əgər belə bir təklif aldığını iddia edirsə, qoy, ətraflı danışsın. Axı indi güləşmir, nə istəsə, danışa bilər. Hərçənd, bunun üçün heç bir əsası yoxdur. Nəyə görə Kumar bu barədə dərhal və ya yarım il – bir ildən sonra danışmırdı?”
Rusiya İdman Güləşi Federasiyasının (FSBR) prezidenti Mixail Mamiaşvili də hindistanlı pəhləvanın iddialarını yaxına buraxmayıb. O, Rusiya yığmasının məşqçilərindən kiminsə belə yaramazlığa əl ata biləcəyinə inanmadığını deyib: “Bu bəyanat açıq-aşkar təxribatdır və çox ciddi araşdırmaların predmeti ola bilər. İndi idmançının öz sözlərinə dəqiq aydınlıq gətirməsi lazımdır. Çünki hansısa məşqçisinə hansısa rusiyalı məşqçinin yaxınlaşdığını deyir”.
Mamiaşvili yaranmış situasiyada atacaqları addımları da sadalayıb: “İlk növbədə, məsələ ilə bağlı dəqiq mövqeyimizi açıqlayacağıq. İkincisi, Hindistan Güləş Federasiyasından olan dostlarımızla əlaqə saxlayacağıq. Üçüncüsü, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasını məlumatlandıracağıq ki, məsələni nəzarətdə saxlasınlar”.
Qeyd edək ki, 2010-cu il dünya çempionatında sərbəst güləş üzrə 66 kq çəki dərəcəsində Azərbaycanı Cəbrayıl Həsənov təmsil edib. Həsənov yarımfinalda məhz Suşil Kumara uduzub – 1:0, 0:1, 2:3. Yekunda pəhləvanımız bürünc medala sahib olub. London olimpiadasından sonra Beynəlxalq Olimpiya Komitəsi (İOC) güləşi 2020-ci il Yay Olimpiya Oyunları proqramından çıxarılmağa namizəd növlər siyahısına daxil edib. Lakin bir müddət sonra keçirilmiş səsvermədə güləş 2020-ci il olimpiadasının proqramına salınmaq üçün təklif olunan növlər siyahısında qala bilib. Yekun qərar sentyabrın 7-də İOC-un Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək sessiyasında veriləcək.