İngiltərə “Mançester Yunayted”inin futbolçusu Rayan Giqqz komandaya oynayan məşqçi təyin olunub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 39 yaşlı yarımmüdafiəçisi yeni baş məşqçi Devid Moyesə yardım edəcək.
Moyes “Everton”da birgə çalışdığı köməkçilərini də “qırmızı şeytanlar”a gətirib. İyunun sonlarında Giqqz UEFA-nın Pro kateqoriyalı məşqçi kursuna yazılıb. Bu kateqoriyaya o, 18 aydan sonra sahib çıxacaq. İngiltərədə Pro ilə yüksək liqa komandalarında və yığmada baş məşqçi kimi çalışmaq mümkündür. Uelsli ulduz martda “Mançester Yunayted”lə müqaviləsini 2013-2014-cü il mövsümünün sonunadək uzadıb.
Qeyd edək ki, Rayan Giqqz bütün karyerasını “qırmızı şeytanlar”ın heyətində keçirib. O, klubda 1990-cı ildə debüt edib. Giqqz komanda ilə 13 dəfə İngiltərə çempionu, 4 dəfə ölkə kubokunun, 2 dəfə Çempionlar Liqasının qalibi olub.