"Gələn il keçiriləcək futbol bayramında biz də iştirak etmək istəyirik" - AFFA prezidenti
AFFA prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri AVRO-2020-nin seçmə qrup mərhələsində qarşıdakı oyunlara hazırlaşan Azərbaycan milli komandasının futbolçuları və məşqçilər heyəti ilə görüşüb.
ONA-nın məlumatına görə, assosiasiya rəhbəri Macarıstan və Slovakiya ilə rəsmi qarşılaşmalar öncəsi “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında komandaya uğurlar arzulayıb.
O, görüş zamanı millimizi AVRO-2020-nin final mərhələsində görmək arzusunu növbəti dəfə dilə gətirib: "Gələn il keçiriləcək futbol bayramında biz də iştirak etmək istəyirik. Həmin bayramdan kənarda qalmaq istəmirik. Bu da sizin əlinizdədir. Hər birinizə inanıram. Məşhur devizimizi xatırladaraq deyirəm ki, "Niyə də yox?". Çalışın bütün gücünüzü ortaya qoyun, azarkeşləri sevindirin. Bu, sizin karyeranız üçün də müsbət addım olar".
Daha sonra millinin kapitanı Maksim Medvedev ziyarətə görə AFFA prezidentinə təşəkkür edib. O bildirib ki, komandada ab-hava yüksək səviyyədədir və hər şey qaydasındadır: "Səbirsizliklə qarşıdakı oyunları gözləyirik. Çalışacağıq ən yaxşı nəticəni qazanaq. Azarkeşlərimizi öz meydanımızda sevindirmək istəyirik".
Ardınca milli komandamının açıq məşqi olub.
Qeyd edək ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi yığmamız iyunun 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək. Görüş "Bakcell Arena"da təşkil olunacaq.
688