Azərbaycan Taekvondo Federasiyasının (ATF) I vitse-prezidenti Füzuli Musayev Beynəlxalq Taekvondo Federasiyası (WTF) və Avropa Taekvondo İttifaqındakı (ETU) vəzifələri ilə vidalaşıb. Lent.az-ın məlumatına görə, artıq F.Musayev nə WTF İcraiyyə Komitəsinin üzvü, nə də ETU-nun vitse-prezidentidir.
Ay yarım öncə Meksikada keçirilmiş WTF-nin Baş Assambleyasında ATF prezidenti Kəmaləddin Heydərov növbəti müddətə qurumun vitse-prezidenti seçilib. Ötən həftə isə Rumıniyada baş tutan ETU-nun toplantısında ATF-nin vitse-prezidenti Nağı Səfərov qurumun İcraiyyə Komitəsinə üzv olub. Hər iki seçkidə namizədlər arasında F.Musayev yer almayıb.
ATF-nin I vitse-prezidenti Lent.az-a açıqlamasında beynəlxalq qurumlara yenidən seçilməməsini belə izah edib: “Mən artıq bir ilə yaxındır ki, ATF-nin işinə qarışmıram. Federasiyamızın prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov mənə deyib ki, I vitse-prezident kimi qalım, amma bütün diqqətimi rəhbəri olduğum FHN-in idman klubuna yönəldim. ATF ictimai qurumdur, idman klubunda kimi isə təkcə taekvondo deyil, bir çox idman növünün inkişafına çalışırıq. Bu səbəbdən, ETU və WTF-yə namizədliyimi yenidən irəli sürmədim”.
Musayev bildirib ki, Azərbaycan taekvondosunun dünyada qazandığı böyük nüfuzunun göstəricisidir ki, K.Heydərov WTF-yə yenidən vitse-prezident seçilib. N.Səfərova isə aktiv fəaliyyəti nəticəsində ölkəmizin nümayəndəsi kimi ETU-da etimad göstərilib.