Ağasəlim Mircavadov: “Vaxtilə bizə yaradılmış şəraitlə ona yaradılan şərait arasında yerlə göy qədər fərq var”
Futbol üzrə Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsini 9 xalla tamamladı. Lent.az-ın məlumatına görə, keçirdiyi 10 görüşdən yalnız 3-də uduzan millimiz 1 qələbə, 6 heç-heçə ilə 6 komanda arasında 4-cü oldu.
Yığmamız F qrupundakı rəqiblərindən Portuqaliyaya evdə 0:2, səfərdə 0:3, Rusiyaya isə səfərdə 0:1 hesabı ilə uduzdu. Yeganə qələbəni evdə Şimali İrlandiya üzərində (2:0) qazanan millimiz İsrail (1:1) və Lüksemburqla (0:0) həm ev, həm də səfərdə eyni hesablı, Şimali İrlandiya ilə səfərdə, Rusiya ilə evdə 1:1 hesablı heç-heçəyə imza atdı. Beləliklə, 7 qol vuran komandamız bu göstəricidə son sıradakı Lüksemburqla eyni olsa da, cəmi 11 top buraxmaqla hətta qrup 3-cüsü İsraili 3 top qabaqladı.
Digər tərəfdən, yığmamız son 4 oyununu məğlubiyyətsiz başa vurdu. Sonuncu dəfə martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda Portuqaliyaya uduzan baş məşqçi Berti Foqtsun komandası sonrakı görüşlərində Lüksemburq və Rusiya ilə evdə, İsraillə səfərdə 1:1 hesablı heç-heçəyə, Şimali İrlandiya üzərində isə 2:0 hesablı qələbəyə nail oldu.
Bununla yanaşı, Foqtsun rəhbərliyi altında millimiz 3 seçmə qrup mərhələsində topladığı xalları ədədi silsilə ilə artırıb. Komandamız 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsini 1 qələbə, 2 heç-heçə və 5 xalla tamamlamışdısa, 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində 2 qələbə, 1 heç-heçə ilə 7, 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində isə 1 qələbə, 6 heç-heçə ilə 9 xal toplamağa müvəffəq olub. Beləliklə, yığmamız son 2 seçmə tsikli özü üçün rekord sayda xallarla tamamlayıb. Son oyunlardakı uğurlu nəticələri sayəsində millimiz FİFA reytinqində 88-ci pilləyə yüksəlib. Bütün bu nəticələrdən sonra Foqtsla müqavilənin daha 2 il uzadılma məsələsi gündəmə gəlib.
Şahin Diniyev: “Qərarı AFFA verir”
Millimizin sabiq baş məşqçisi Şahin Diniyev Lent.az-a açıqlamasında bildirib ki, baş məşqçi ilə əməkdaşlığın davam etdirib-etdirməməsinə dair qərarı AFFA İcraiyyə Komitəsi verir. Ona görə də 46 yaşlı mütəxəssis bu məsələyə münasibət bildirmək istəməyib. Diniyev yığmamızı son 2 matçda 4 xal qazanması münasibətilə təbrik edib: “Nəticəyə görə təbrik edirəm. Oyun baxımından isə qapıçı Kamran Ağayev çox artırıb, etibarlı müdafiə xətti var, amma hücum xəttində çatışmazlıqlar qalır”.
Ağasəlim Mircavadov: “Foqts klublarla işləməlidir”
Yığmamızın daha bir sabiq baş məşqçisi Ağasəlim Mircavadov isə Lent.az-a deyib ki, Foqtsla müqaviləni uzatmamışdan öncə onun 6 ilə yaxın müddətdə gördüyü işləri analiz etmək lazımdır: “Mən onun işini analiz etməmişəm. Bu məsələ AFFA-nın səlahiyyətindədir. Vaxtilə bizə yaradılmış şəraitlə Foqtsla yaradılan şərait arasında yerlə göy qədər fərq var”.
Bununla yanaşı, Mircavadov Foqtsun bir neçə istiqamət üzrə fəaliyyətini gücləndirməsini vacib sayıb. Onun sözlərinə görə, almaniyalı mütəxəssis Azərbaycan çempionatının oyunlarına daha çox baxmalı, klub məşqçiləri ilə sıx işləməli, daim axtarışda olmalıdır. Təcrübəli mütəxəssis bildirib ki, yığmamız sərgilədiyi oyunla qrupda 3-cü yeri də tuta bilərdi: “Son oyunlarda futbolçularımız həvəslə oynadılar. Əsas odur ki, seçmə tsikldə rekord sayda - 9 xal qazana bildilər. Xüsusən, cərimə zərbələrindən vurulan qolları qeyd edərdim. Çünki biz nadir hallarda standart vəziyyətlərdən fərqlənə bilirdik. Son oyunlarda millimizdə hücumlara meyllilik gördüm. Amma iş çoxdur, işləmək lazımdır. Yerli oyunçular öz üzərlərində işləməlidirlər. Elə futbolçularımız var ki, xaricdə çıxış edə bilərlər. Biz bu qrupda 3-cü yeri də tuta bilərdik”.
Mircavadov klublarımızın da gənc futbolçularla işləməsini zəruri sayıb: “Hazırda yığmamızda Rəşad Sadıqovla eyni səviyyədə oynamağı bacaran mərkəz müdafiəçisi, eləcə də yarımmüdafiəçilər və Rauf Əliyev istisna olmaqla, hücumçu yoxdur. Foqts klublara güvənməlidir ki, onlar da gənc futbolçularla çox işləsinlər”.