Foqts: “Oyunçularımın sayı 11-dən çox olmayacaq”
10 oktyabr 2013 13:34 (UTC +04:00)

Foqts: “Oyunçularımın sayı 11-dən çox olmayacaq”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts oktyabrın 10-da mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, tədbir yığmamızın oktyabrın 11-də Şimali İrlandiya ilə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçına həsr olunub.

 

Almaniyalı mütəxəssis oktyabrın 5-dən başlanan hazırlıq prosesinin gedişindən razılıq ifadə edib.

 

Baş məşqçi millimizdən qələbə, kapitan Rəşad Sadıqovdan komandanı arxası ilə apararaq, buna yardımçı olmasını gözlədiyini deyib: “Hələ qalib ola bilmədiyimiz üçün üzərimizdə təzyiq var. Rəqibin üstün cəhətlərini tanıyırıq. Kobud oynayırlar, başla yaxşı oynayırlar. Fərq çox böyükdür. Amma əhval-ruhiyyəmiz çox yüksəkdir. O qədər hazırıq ki, oyun bu gün olsaydı, meydana çıxa bilərdik. Azərbaycan və Britaniya futbolu tam fərqlidir. Biz gözəl futbolu daha çox sevirik, nəinki britaniyalılar. Onlar kobud oynamağı sevirlər. Bizdəki kimi hakimlər adi toxunuşda oyunu saxlamırlar. Bizim İsraillə heç-heçəmizə bəzi insanlar sevinirdilər. Amma biz sevinmədik. Eləcə də Şimali İrlandiyanın Lüksemburqa uduzmasına sevinə bilmərik. Rusiya ilə oyundan sonra bu suallara cavab verərəm”.

 

Foqts heyətdəki problemlərə də toxunub: “Vaqif Cavadovun çiynində problemlər var. Ruslan Abışov sarı vərəqə limitini doldurduğu üçün qarşıdakı oyunu buraxacaq. “Qarabağ” və “Neftçi”nin oyunçuları yaxşı əhval-ruhiyyədə milliyə qoşulublar. “Bakı”dakı oyunçuları isə deyə bilmərəm. Ümumiyyətlə, komandada əhval-ruhiyyə çox yüksəkdir. İsraildəki 1 xaldan razı qala bilmədiyimizi futbolçularımıza dedim. Biz qələbəni əldən verdik. Taktiki baxımdan səhvi rəqiblər bağışlamırlar. O oyunda Mahir Şükürov mövqe səhvinə yol verdi. Şimali İrlandiya ilə səfər matçında qələbəmiz oğurlandı. Hakim rəqib komanda futbolçusunun bizim oyunçuları itələyərək, qol vurmalarına göz yumdu. Belə halı mən peşəkar futbolda görməmişdim”.

 

Start heyətinə də toxunan almaniyalı mütəxəssisin sözlərinə görə, hücum xəttində həm Rauf Əliyev, həm də Rüfət Dadaşov yer ala bilər: “Amma start heyəti açıqlaya bilmərəm. Yalnız onu deyərdim ki, oyunçuların sayı 11-dən çox olmayacaq. Ola bilsin, orta xətdə 4 oyunçu ilə çıxış edək. Çalışırıq ki, sürətli oynayaq. Cavid Hüseynov oyuna girəndən sonra çıxışından razı qaldıq. Abışovun sürəti də olsaydı, lap yaxşı olardı. Onun gözəl ötürmələri olur. Ötən həftəsonu 3 oyuna baxdım. Komandalar çoxsaylı problemlərdən 3-4 qol vura bildilər. Mentalitet problemi var. Qol vura bilmirsən, heç-heçə olanda yaxşı sayırlar. Amma komandalar qələbə haqda düşünmürlər. Ən yaxşı halda 1:0 hesabını yaxşı nəticə sayırlar. Amma qol vurmaqla kifayətlənməmək lazımdır”.

 

Hazırda 5 xala malik yığmamız hələ qələbə qazana bilməyib. Foqstsun sözlərinə görə, qələbəni nə zaman qazanacaqlarına dair suala Rusiya ilə 15 oktyabr matçından sonra cavab verəcək.  

 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Şimali İrlandiya matçı saat 21:00-da başlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943
avatar

Oxşar yazılar