“Neftçi”nin heyətində 5 mövsüm keçirib, paytaxt təmsilçisini rekordlarla tərk edən braziliyalı futbolçu Flavinyo özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafəçi karyerasını Braziliyada davam etdirəcək.
“Ağ-qaralar”ın heyətində 3 dəfə Azərbaycan çempionu olan Flavinyo A seriyasında çıxış edən “Şapokoense” klubuna keçir. Hazırda turnir cədvəlinin 9-cü pilləsində qərarlaşan “yaşıllar”ın direktoru Mauro Ştumpf da təsdiqləyib.
O bildirib ki, Yaponiyaya yollanan hücumçu Edmilsonun yoxluğunu hiss etdirməmək üçün Flavinyoya ehtiyac var. Ştumpf tərəflər arasında razılığın əldə olunduğunu, yalnız müqavilənin rəsmiləşməsinin qaldığını qeyd edib.
Qeyd edək ki, Flavinyo 2010-15-ci illərdə şərəfini qoruduğu “Neftçi”nin heyətində ən çox oyun keçirən legionerdir. 174 matçda 38 qol vuran yarımmüdafiəçi “Böyük oyun”larda ən çox - 8 dəfə rəqib qapısına yol tapıb.