FİFA prezidenti Yozef Blatter dünyanın ən yaxşı futbolçuları Lionel Messi və Kriştianu Ronaldu arasında müqayisə aparıb. Lent.az-ın məlumatına görə, ali futbol qurumunun rəhbəri Messini təriflədiyi halda, Ronaldu barədə ironiyalı ifadələrə yer verib.
Blatter Argentina millisinin və İspaniya “Barselona”sının hücumçusu haqqında deyib: “Messi çox yaxşı uşaq, hər ananın evdə qalmasını istədiyi övladdır. Çox sürətli, futbol oynarkən sanki rəqs edirmiş kimi görüntü yaradır. Meydana bir komandan görkəmi ilə çıxır, yavaş danışır, təlimatlar verir. Hətta bir əsgəri təqlid etdiyini də söyləyə bilərəm”.
Portuqaliya millisinin və İspaniya “Real Madrid”inin hücumçusuna gəldikdə, FİFA prezidenti “Biri digərindən daha çox dəlləyə pul xərcləyir. Lakin hansının daha yaxşı olduğuna dair qərar “Qızıl top” sorğusunda veriləcək. Mənə qalsa, Messi Ronaldudan daha yaxşıdır” söyləyib.
Blatterin bu açıqlamasının “Real Madrid” cəbhəsində və şəxsən Kriştianu Ronaldunun özü tərəfindən necə qarşılanacağı maraqla gözlənilir.