Fariz Məmmədov döyüşə 4 qat dünya çempionu ilə birgə hazırlaşacaq
26 avqust 2013 18:24 (UTC +04:00)

Fariz Məmmədov döyüşə 4 qat dünya çempionu ilə birgə hazırlaşacaq

Ukraynanın Donetsk şəhərinin məşhur “Donbass Arena” stadionunda peşəkar boksçular arasında növbəti döyüşlər keçirilib. Lent.az-ın məlumatına görə, gecədə WBA (Ümumdünya Boks Assosiasiyası) versiyası üzrə dünya kəməri və reytinq xarakterli döyüşlər baş tutub.

 

Şounun fəxri qonaqları arasında keçmiş mütləq dünya çempionu Lennoks Lüis, “Union Boxing Promotion” şirkətinin prezidenti Yuri Ruban, eləcə də azərbaycanlı peşəkar boksçu Fariz Məmmədov olub.

 

Döyüşlərdən əvvəl Məmmədovla Ruban arasında görüş keçirilib. Görüşdə F.Məmmədovun oktyabrın 26-da Londonda keçirilməsi nəzərdə tutulan WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə reytinq xarakterli döyüşünə hazırlıq məsələsi müzakirə olunub. Görüşün sonunda Məmmədovun qarşıdakı döyüşə sentyabrın 23-dən oktyabrın 21-dək dünya çempionu Vyaçeclas Sençenko ilə birgə hazırlaşması qərara alınıb.

 

Qeyd edək ki, V.Sençenko WBA versiyası üzrə dördqat dünya çempionudur. Rubanın fikrincə, birgə hazırlıq hər iki boksçu üçün müsbət fayda verəcək. Yeri gəlmişkən, sentyabrın 21-də Məmmədovun Xarkov şəhərində də reytinq xarakterli döyüşü nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815
avatar

Oxşar yazılar