Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello oktyabrın 15-də Azərbaycan yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçının son dəqiqəsində buraxdıqları topun oyundankənar vəziyyətdən vurulduğunu iddia edib. Lent.az-ın məlumatına görə, bu barədə italiyalı mütəxəssis “Sport-Ekspress”ə müsahibəsində bildirib.
Onun fikrincə, Vaqif Cavadovun fərqləndiyi epizodda “ofsayd”ın olduğunu hamı görüb: “Yan xətt hakiminin “ofsayd” qeydə almamasının səbəbi mənim üçün qaranlıq qaldı. Halbuki həmin epizodda qolun oyundankənar vəziyyətdən vurulduğunu hamı gördü”.
Həmin oyunda Azərbaycan yığmasının futbolçusu Maksim Medvedevin qırmızı vərəqə almasından sonra Rusiya millisi say və hesabda üstünlüyə malik olub. Lakin sonuncu dəqiqədə millimiz bərabərlik qolunu vurmağı bacarıb. Kapello matçın sonlarında qol buraxmalarına rəğmən, pis çıxış etmədiklərini söyləyib: “Biz kifayət qədər təhlükəli vəziyyət yaratdıq və son dəqiqədə top buraxdıq. Bu qolun ofsayddan vurulmasına baxmayaraq, futbolçularıma haqq qazandırmaq niyyətində deyiləm. Nəticə göz qabağındadır”.
Qeyd edək ki, Azərbaycan – Rusiya matçında hesabı ilk yarıda qonaqların kapitanı Roman Şirokov açıb. Lakin sonuncu dəqiqədə Vaqif Cavadov Mahir Şükürovun rəqib qapısı qarşısına ötürməsini başla qola çevirib.