Erməni idmançının saxtakarlığı ifşa olundu
18 sentyabr 2013 14:45 (UTC +04:00)

Erməni idmançının saxtakarlığı ifşa olundu

“Ermənistanın qol güləşçisi Aşot Adamyan bu yaxınlarda Polşanın Qdınya şəhərində keçirilmiş dünya çempionatının finalında azərbaycanlı Qismət Vəkilova yalnız sol əllə və hakimlərin köməyi sayəsində qalib gələ bilib”. Bu açıqlamanı Lent.az-a Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) prezidenti Cəsarət Əhmədov verib.

 

O bildirib ki, 21 yaşadək qol güləşçilərinin mübarizəsində final qarşılaşmasında Adamyan Vəkilovla həm sol, həm də sağ əllə yarışıb. Əvvəlcə onlar sol əllərini sınaqdan çıxarıblar. Bu zaman təmsilçimiz erməni rəqibini yenib. Lakin Adamyan təsəlli görüşlərində qələbə qazandığı üçün qaydalara əsasən finala yüksəlib. Onlar həlledici görüşdə yenidən üz-üzə gəliblər. Bu dəfə isə rusiyalı hakimlər qol güləşçimizə 2 dəfə xəbərdarlıq ediblər. Onlar Vəkilovun guya biləyini tərpətdiyini və start işarəsindən tez yarışa başladığını iddia ediblər. Məhz 2 xəbərdarlıq nəticəsində Adamyan qalib elan olunub.

 

Əhmədovun sözlərinə görə, hakimlərin qərarından etiraz etsələr də, qəbul olunmayıb. Federasiya prezidenti bunu əksər referilərin rusiyalı olması ilə izah edib: “Onlar da açıq-aşkar ermənilərə tərəfkeşlik edirdilər”.

 

Hakimlərin qərarı ilə məğlubiyyət Vəkilova pis təsir edib. O, ertəsi gün sağ əllə mübarizədə Adamyandan mütləq qisas alacağına söz verib. Əsəbindən səhərədək yatmayan Vəkilov yarış zamanı yenidən erməni ilə üz-üzə gəlib. O, hər iki görüşdə rəqibini yenərək, dünya çempionu olub.

 

Əhmədov bildirib ki, Adamyan “news.am”a müsahibəsində hakimlərin köməyi ilə deyil, öz gücü hesabına qalib gəldiyini və Vəkilovla görüşü özü üçün milli məsələ saydığını deməklə saxtakarlığa yol verir. Digər tərəfdən, qol güləşində sağ qolla qələbə sol qolla qələbədən daha üstün sayılır.

 

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatını ümumilikdə 5 qızıl, 7 gümüş, 1 bürünc medalla başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2101
avatar

Oxşar yazılar