Almaniyanın “Borussiya” (Dortmund) klubu Ermənistan milli komandasının futbolçusu Henrik Mxitaryanı Ukrayna “Şaxtyor”undan 27,5 milyon avroya alıb. Lent.az-ın məlumatına görə, bu barədə “Şaxtyor”un rəsmi saytı yazıb.
UEFA-nın rəsmi saytında isə Mxitaryanın “Borussiya” ilə 4 illik müqavilə bağlayacağı bildirilir. 24 yaşlı yarımmüdafiəçi Dortmund klubunda “Bavariya”ya gedən Mario Götseni əvəzləyəcək.
Qeyd edək ki, Henrik Mxitaryan peşəkar karyerasına Ermənistan “Pünik”ində başlayıb. O, 2009-cu ildə Donetsk “Metallurq”una keçib. 1 il sonra isə “Şaxtyor” Mxitaryanı 7,5 milyon dollara alıb. Ötən mövsüm yarımmüdafiəçi Ukrayna çempionatında 28 oyuna 25 qol vurub və ən yaxşı bombardir olub. O, həmçinin Ukrayna çempionatında qol sayında rekordçuya çevrilib.