Əfran İsmayılov: “Israil səfirliyindən mənə viza problemi yaratmamışdılar”  - MÜSAHİBƏ
03 sentyabr 2013 19:07 (UTC +04:00)

Əfran İsmayılov: “Israil səfirliyindən mənə viza problemi yaratmamışdılar” - MÜSAHİBƏ

“Bakı” klubunun futbolçusu Əfran İsmayılovun Lent.az-a müsahibəsi

 

- Azərbaycan milli komandasının İsrail yığması ilə sentyabrın 7-də keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçından kənarda qalmağınız nə ilə əlaqədardır?

 

- Hələ “Neftçi” ilə oyundan əvvəl belimdə ağrılar var idi. Matçdan sonra həmin ağrılar daha güclü büruzə verdi. Həkimlərə müraciət etdikdə, fəqərələrimdə problemin olduğunu dedilər. Buna görə millimizin İsraillə oyununu buraxmalı olacağam. Halbuki ağrılar olmasaydı, hazırlıq prosesində iştirak edə bilərdim. Amma indi belə vəziyyətdəyəm, dincəlirəm.

 

- Zədəniz nə dərəcədə ciddidir?

 

- Çalışacağam ki, “Xəzər Lənkəran”la növbəti oyunumuzadək bərpa olunum və klubuma kömək edim.

 

- Amma məhz İsraillə oyun ərəfəsində səhhətinizdə problemin yaranması müəyyən söz-söhbətə yol açıb. Sizcə, bu şayiələr nə dərəcədə əsaslıdır?

 

- Bunlar boş-boş söhbətlərdir. Əgər zədəliyəmsə, getməyin nə mənası? Ondansa, Bakıda qalaraq, müalicəmi davam etdirməyi düşündüm. İnanmırsınızsa, özlərindən zəng edib soruşa bilərsiniz ki, nə söhbətdir, nəyə görə aparmırsınız?

 

- İsrailin Azərbaycandakı səfirliyinə viza üçün pasportunuz təqdim edilmişdi?

 

- Bəli. Səfirlikdən viza ilə bağlı heç bir problem yaratmamışdılar. Pasportuma viza möhürü də vurublar.

 

- Son turlar yaxşı formaya düşdüyünüz bir vaxtda gözlənilməz zədə oyununuza necə təsir edə bilər?

 

- Bu problem millimizin oyunu ilə bağlı yaranan fasilə dövrünə təsadüf edib. Hələ 10 gündən çox vaxtım var. İnşallah, “Xəzər Lənkəran”la sentyabrın 14-də keçirəcəyimiz oyuna tam hazır olaram və klubuma kömək edə bilərəm.

 

- Baş məşqçi Milinko Pantiç “Bakı”nın bəzi futbolçularının ağır məşqlərə dözmədiyini və hətta aralarında qusanların da olduğunu bildirib...

 

- Mən özüm ilk gündən məşqlərdə iştirak etmişəm. Pantiç gələn kimi birdən-birə futbolçuları yükləməyə başladı. Halbuki heç bir baş məşqçi ilk gündən belə məşq verməzdi. Biz tədricən yüklənmələrə öyrəşmişdik. İlk məşqdən yüklənmələrə uşaqlar hazır deyildilər. Uşaqların heç birində günah yox idi. Qusan isə gənc və arıq oyunçularımızdan biri idi. Amma söhbət bu dərəcədə şişdi. Halbuki şişirtməyə ehtiyac yox idi. Dözməsəydik, indiyədək heç kim komandada qalmazdı. Əksinə, məşqlər yaxşı olub ki, indi onun nəticəsini görürük.

 

- Elə Siz özünüz də Pantiçin gəldiyi ərəfələrdə yaxşı fiziki hazırlıq səviyyəsində deyildiniz...

 

- Çempionatın ilk 2 turunda ayağımda ağrılar var idi. Ona görə özüm oynamaq istəmirdim. Komandamız hər iki oyunu uduzdu. Başqa çıxış yolunun olmadığını görüb forma yığmağa başladım. Artıq dalbadal 3 matçdır qələbə qazanırıq. İnşallah, ardı gələr.

 

- Artıq çempionluq barədə düşünməyə başlamısınız?

 

- Heç kimin haqqı yoxdur ki, indidən çempionluq barədə fikirləşsin. Çempionat hələ təzə başlayıb. Belə fikirləri başdan çıxarmaq və yalnız futbolu düşünmək lazımdır. Əks halda, yüksək nəticə əldə etmək olmaz.

 

- Pantiçi Azərbaycanda çalışan baş məşqçilər arasında ən güclüsü saya bilərsiniz?

 

- Deməzdim. Hərənin öz oyun sxemi var. O cümlədən, Pantiçin də. Səviyyəli məşqçi söhbətinə gəldikdə, Azərbaycanda elələri var ki, ondan geri qalmırlar. Elə Qurban Qurbanovu götürək. Pantiç çox çalışıb çox iş görməyi tələb edir. Ona görə alqışlara layiqdir. İnanıram ki, əziyyətimiz yerdə qalmayacaq və bəhrəsini verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983
avatar

Oxşar yazılar