İspaniya çempionatının II divizionunda çıxış edən “Mursiya” klubunun futbolçusu Eddi İsrafilovun Azərbaycan milli komandasında çıxış etməsi üçün AFFA-dan 500 min avro istənilib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qədər vəsaiti İsrafilovun valideynləri və meneceri tələb edib.
Onlar 21 yaşlı yarımmüdafiəçinin İspaniya millisinə dəvət alma ehtimalının olduğunu əsas gətiriblər. Milli komandada hər hansı məbləğ qarşılığında oynamağın yolverilməz olduğunu bildirən AFFA təklifi qəbul etməyib, Federasiyadan bildirilib ki, millinin şərəfini qorumaq hər bir idmançı üçün müqəddəs borc hesab olunmalıdır. AFFA İsrafilova İspaniya milli komandasına dəvət olunma məsələsində və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Eddi Silvestr Paskual İsrafilovun atası toqolu, anası isə azərbaycanlıdır. O, yoxlanış üçün millimizin mayın 25-dən 30-dək Qətərin paytaxtı Dohada keçirilmiş təlim-məşq toplanışına dəvət olunub. Danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirib. Bununla əlaqədar İsrafilov millimizin Qətər toplanışına qatılmayıb.