Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında Azərbaycan milli komandası uğura imza atıb. Lent.az-ın məlumatına görə, yığmamız mötəbər yarışı 2 qızıl, 1 bürünc medalla başa vurub.
Qızıl medallara Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) layiq görülüb. Bürünc medala isə Teymur Məmmədov (91 kq) sahib çıxıb.
Çələbiyev finalda rusiyalı Vladimir Nikitini üstələyərək, karyerasında ilk dəfə dünya çempionu olub. Məcidov isə qazaxıstanlı İvan Dıçkoya qalib gəlib. Bu görüşün ilk 2 raundunda hakimlər qələbəni Dıçkoya versələr də, növbəti raundda boksçumuz rəqibini nokauta salıb. Onun ilk zərbəsindən sonra yerə yıxılan Dıçko ayağa qalxmağı bacarsa da, növbəti zərbədən sonra tam təslim olub. Bununla da Məcidov karyerasında ikinci dəfə dünya çempionu olmaqla yanaşı, Qazaxıstandakı mundialda yeganə nokautun müəllifi olub.
Qeyd edək ki, final döyüşlərini Qazaxıstan prezidenti Nursultan Nazarbayev də izləyib.
Dünya çempionatında tarixi uğur: 2 QIZIL
1603