FİFA prezidenti Yozef Blatter yeni təkliflə çıxış edib. Lent.az-ın məlumatına görə, ali futbol qurumunun başçısı dünya çempionatının final mərhələsi öncəsi “pley-off” matçlarından imtina üzərində düşünməyin gərəkliyini bildirib.
Blatterin fikrincə, “pley-off” oyunları çox sərt sınaqdır: “Komandanın turniri 2 oyunun nəticəsinə əsasən tərk etməsi əsl dramdır. Bəli, “pley-off” matçları azarkeşlər və telekanallar üçün yaxşıdır. Lakin biz ondan imtinanı düşünməliyik. Oyunlar çox gərgin alınsa da, uduzanlar üçün ağır sınaqdır”.
Qeyd edək ki, 2014-cü il dünya çempionatına artıq 21 ölkə yığması vəsiqəni birbaşa təmin edib. Daha 11 ölkə isə noyabrda “pley-off” oyunları nəticəsində müəyyənləşəcək.