Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında daha bir boksçumuz 1/4 finala vəsiqə qazanıb. Lent. az-ın məlumatına görə, bu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovdur.
91 kq çəki dərəcəsində yer alan Məmmədov 1/8 finalda hindistanlı Manpret Sinqxlə qarşılaşıb. İkinci raundda həmyerlimizin qüvvətli zərbəsindən sonra rəqibin qaşı zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Beləliklə, Məmmədov görüşün qalibi elan olunub. Millimizin üzvü növbəti mərhələdə kubalı Erislandi Savonla üz-üzə gələcək. Savon 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatında 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib. O, digər təmsilçimiz Məhəmmədrəsul Məcidova uduzub.
Qeyd edək ki, Azərbaycan boksçularından daha öncə Cavid Çələbiyev (56 kq) də ¼ finala vəsiqə qazanıb. O, növbəti mərhələdə hindistanlı Şiva Tapa ilə üz-üzə gələcək. Hindistan Boks Federasiyası Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) tərəfindən cəzalandığından, bu ölkənin idmançıları AİBA bayrağı altında çıxış edirlər.