Ukraynanın paytaxtı Kiyevdə keçirilən yeniyetmələr arasında boks üzrə dünya birinciliyində Azərbaycan milli komandasının daha 4 üzvü rinqə çıxıb. Onlardan 3-ü döyüşlərini qələbə ilə başa vurub.
60 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə danimarkalı Obaida İraquini yenib – 3:0 (29:27, 29:28, 29:28). Boksçumuz 1/8 finalda Moldova təmsilçisi Vladislav Tuqui ilə qarşılaşacaq.
Qüdrət Quliyev (52 kq) də dünya birinciliyində 1/8 finala vəsiqə qazanıb. O, Puerto-Riko idmançısı Edvin Qonzalesi mübarizədən kənarlaşdırıb. 3 hakimdən 2-si həmyerlimizin qələbəsini qeydə alıb – 29:28, 28:29, 30:27. Quliyevin növbəti mərhələdəki rəqibi rumıniyalı Marian Ruta olacaq.
Daha bir təmsilçimiz İsmayıl Hüseynov (63 kq) isə ilk görüşündə gürcüstanlı Taras Kandelakini məğlub edib – 30:25, 30:27, 30:27. Onun 1/8 finaldakı rəqibi belaruslu Mixail Basiakov olub.
Əvəzində Rüfət Hüseynov (46 kq) dünya birinciliyindəki ikinci döyüşdə məğlubiyyətlə üzləşib. Millimizin üzvü Ukrayna təmsilçisi Daniel Lapinə uduzub.