“Hiss edirəm məni istəməyən azarkeşlər də var. Onlar irad bildirir, nəticə istəyirlər. Mən tam səmimiyyətimlə azarkeşləri haqlı sayıram. Çünki, onlar pul verib futbol matçını izləməyə gəlir və nəticə istəyirlər. Ona görə də azarkeşi qınamağa haqqım yoxdur”. Lent.az-ın məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak klubun rəsmi saytına açıqlamasında deyib.
Uelsli mütəxəssis “Neftçi” ilə Topaz Premyer Liqasının IV turuna təsadüf edən oyunda komandasını bəyəndiyini bildirib. Onun fikrincə, yaratdıqları çoxsaylı qol vəziyyətlərindən yararlana bilməmələri çox böyük bəxtsizlikdir: “Lakin biz bir futbolçunun üzərinə düşüb “Niyə bu qədər vəziyyəti qola çevirə bilmədin?” deyə, irad bildirsək, düzgün olmaz. Qolu vurmaq üçün bəzən müdafiəçilərimiz də irəli gedir. Deməli, bütün komanda qol vurmağa borclu idi”.
Bununla belə, Toşak hesab edir ki, “Xəzər Lənkəran”ın getdikcə daha yaxşı oyun göstərməsi komandanın düzgün yolda olduğunu göstərir. O, “ağ-yaşıllar”ın tezliklə uğursuzluq zolağından, bəxtsizlikdən qurtulub inamla yoluna davam edəcəyinə inam ifadə edib.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı qolsuz tamamlanıb. Cənub təmsilçisi növbəti turda “Qəbələ”nin qonağı olacaq.