Azərbaycan UEFA-nın futzal üzrə reytinq cədvəlində mövqeyini qoruyub
Futzal üzrə Çempionlar Liqasında ölkələrin təmsilçi sayı açıqlanıb.
APA-nın məlumatına görə, qitənin yeganə klub səviyyəli futzal turnirində yalnız dörd ölkə iki komanda ilə təmsil olunacaq.
Bu, milli assosiasiyaların reytinq cədvəlindəki mövqeyinə əsasında müəyyənləşib. Qaydalara görə reytinq cədvəlində ilk 3 pilləni tutan ölkələr yarışda 2 klubla təmsil olunmalıdır.
Lakin son qalib ilk 3 pillədəki ölkələrdən birinin təmsilçisi olduqda reytinqin dördüncüsünə də bir yer verilir. Son qalib isə Portuqaliyanın “Sportinq” klubu olub. Buna görə də yeni mövsümdə Rusiya, İspaniya, Portuqaliya və Qazaxıstanın iki klubu qalib adı uğrunda yarışacaq.
Azərbaycan isə təmsilçi sayını müəyyənləşdirmək üçün tərtib edilən milli assosiasiyaların reytinq cədvəlində ötən il olduğu kimi 6-cı pillədə qərarlaşıb. Ölkəmizi turnirdə son çempion “Araz” təmsil edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü iyulun 4-də atılacaq.
521