Berti Foqts AFFA-ya ŞƏRT QOYDU: “Məşqlərin sayı çoxalmalıdır”  - MÜSAHİBƏ
17 dekabr 2013 18:30 (UTC +04:00)

Berti Foqts AFFA-ya ŞƏRT QOYDU: “Məşqlərin sayı çoxalmalıdır” - MÜSAHİBƏ

AFFA-nın bu gün keçirdiyi ilin futbolçularının mükafatlandırılması mərasimindən sonra Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts jurnalistlərin suallarını cavablandırır. Lent.az həmin müsahibəni təqdim edir...

- “Bakı” - “Qarabağ” matçında Rauf Əliyevin oyununu bəyənmişdiniz. Ancaq bu gün Rəşad Sadıqov “ilin futbolçusu” seçildi. Siz kimə səs vermişdiniz?


- “İlin futbolçusu” 1 qola, 1 ötürməyə, 1 oyunda yaxşı müdafiə olunmağa görə verilmir. Futbolçunun bütün ildəki çıxışı nəzərə alınır. Sadıqov kapitan və lider kimi “ilin futbolçusu” olmağa layiqdir. O, doğrudan da komandasını arxasınca apara bilir.

- Qarşıdakı planlarınız haqda nə deyə bilərsiniz?
 

- Bunu Tanrı bilir.

- Sabah İcraiyyə Komitəsinin iclasında iştirak edəcəksiniz?
 

- Yox. Heç vaxt orda iştirak etməmişəm. Mən İcraiyyə Komitəsinin üzvü deyiləm axı.

- AFFA ilə yeni müqaviləyə dair danışıq aparmısınız?
 

- Çoxlu danışıq aparmışıq. Yeni müqavilə bağlasaq, anlaşmamızda ən əsas şərt o olacaq ki, mən burda çox vaxt keçirtməliyəm və daha çox təlim-məşq toplanışı təşkil etməliyik. Ən vacib məsələ budur. Komanda lazımi qədər məşq etsə, biz səviyyəmizi artıra bilərik.

- AFFA 2016-cı ildə keçiriləcək Avropa çempionatına çıxmaq üçün yığmanın qarşısına minimum 3-cü pilləni tutmaq qoyub. Bu işin öhdəsindən gələ bilərsiniz?
 

- Hər bir insanın arzuları olur. Elə arzular var ki, reallaşır, elələri də var ki, gerçəkləşmir. Final mərhələsinə 24 komanda vəsiqə qazanacaq. Ancaq hər şeydən əvvəl biz seçmə qrupların necə təşkil olunacağını və hansı yığmaların bizə rəqib olacağını nəzərə almalıyıq. Sözsüz ki, məqsəd olmalıdır. AFFA-nın belə hədəf qoyması yaxşı haldır. Bu göstərir ki, hazırda millimizin səviyyəsi o qədər də zəif deyil. Ancaq biz bu səviyyəni artırmalıyıq. Bildiyiniz kimi, bizim komandanın təcrübəsi çox da beynəlxalq miqyaslı deyil. Bunun üzərində işləməliyik. Yalnız danışmaqla, yalnız arzulamaqla qrupda 3-cü pilləni tutmaq olmaz. Çətin işdir, ancaq bunu reallaşdırmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078
avatar

Oxşar yazılar