Rusiyanın Kazan şəhərində keçirilən XXVII Ümumdünya Universiadasında Azərbaycana ilk medalı qazandıran cüdoçu Məmmədəli Mehdiyev fikirlərini bölüşüb. Lent.az-ın məlumatına görə, Universiadada 81 kq çəki dərəcəsində bürünc medal qazanan Mehdiyev keçirdiyi hissləri mükafatlandırma mərasimindən sonra Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə anladıb.
O deyib: “Ötən il Gürcüstanda keçirilmiş Dünya Kubokunda da 3-cü olmuşdum. Bura yalnız qələbə üçün gəlmişdim. Rəqiblərimdən koreyalı Seinqsu Lii və yapon Takanori Naqase çox güclü idilər. Koreyalını uda bilsəm də, yaponiyalı ilə görüşdə qələbə qazana bilmədim. Bu, hələlik ən böyük uğurumdur. Lakin qarşıdakı əsas hədəfim Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarında iştirak edərək, qızıl medal qazanmaqdır. Qələbəmə görə dövlətimizə, ailəmə və məşqçim Tərlan Həsənova minnətdaram. Azərbaycan bayrağını Universiadada yüksəldən ilk idmançı olduğum üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, Məmmədəli Mehdiyev 1993-cü ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 8 ildir ki, idmanla məşğuldur. O, Ümumdünya Universiadasında 5 idmançıya - Maykl Harrison (ABŞ), Tomaş Koşta (Portuqaliya), Senqsu Li (Cənubi Koreya) və Yaromir Yezekə (Çexiya) qalib gələrək, yarımfinalda yaponiyalı Takanori Naqaseyə uduzub. Bürünc medal uğrunda qarşılaşmada isə Mehdiyev Çin idmançısı Hayuan Qauya qalib gəlib.