Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ötən gün keçirilən qalmaqallı “Fənərbaxça” – “Trabzonspor” (0:0) qarşılaşması ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, ölkə mətbuatına danışan Ərdoğan oyundan sonra “sarı-lacivərdli” azarkeşlərin Qaradəniz klubunun prezidenti İbrahim Hacıosmanoğluna hücum etməsini çirkin hərəkət adlandırıb:
“Trabzonspor” prezidentinə qarşı bu cür rəftarı düzgün hesab etmirəm. İlk növbədə oyun 0:0 bərabərliklə başa çatıb. Qonaq klubun prezidentinə qarşı ev sahibi azarkeşlərin şüşələrlə, daşlarla hücum etməsini çox çirkin hərəkət hesab edirəm. Bu bizim idmanımıza yaraşmır. Bu hadisələr qarşısında “Trabzonspor” klubunun prezidentinin hərəkətlərini də yaxşı qiymətləndirirəm”.
Qeyd edək ki, Superliqanın VII turunda keçirilən “Fənərbaxça” – “Trabzonspor” qarşılaşmasından sonra ev sahibi komandanın azarkeşləri stadion çıxışında Hacıosmanoğlunun avtomobilinə hücum edib. Polisin hadisəyə müdaxiləsindən sonra fanatlar olay yerindən uzaqlaşdırılıb.