“Bayer”in baş məşqçisi Rojer Şmidt sərt cəzaya məruz qalıb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, İntizam Komitəsi onu 5 oyunluq diskvalifikasiya edib.
Buna səbəb Bundesliqanın geridə qalan turunda Dortmund “Borussiya”sı ilə (0:1) ev qarşılaşmasında Şmidtin hakimin işinə müdaxilə etməsi olub. Lakin 48 yaşlı mütəxəssis 3 matçda texniki zonadakı yerini tuta bilməyəcək. Belə ki, o, “Maynts”, “Verder” və “Auqsburq”la qarşılaşmalarda göstərişlərini verə bilməyəcək.
Digər iki oyunluq cəza isə şərti olacaq. 2016/17 mövsümünün sonuna qədər Şmidt daha bir intizamsız hərəkət edərsə, bu cəza da qüvvəyə minəcək. Bununla yanaşı, komanda 20 min avro məbləğində cərimə olunub.
Baş məşqçi ilə yanaşı, “Bayer”in idman direktoru Rudi Föller də adıçəkilən qarşılaşmada intizamsız davranışına görə, klubu 10 min avro ziyana salıb.
Qeyd edək ki, Şmidt oyuna tez-tez müdaxilə və hakimə etiraz etdiyi üçün baş hakim Feliks Şvayer onu texniki zonadan qovub. Lakin “Bayer”in çalışdırıcısı tribunaya yollanmaqdan imtina etdiyindən, hakimlər briqadası meydançanı tərk ediblər. Yalnız Şmidt 10 dəqiqə sonra texniki zonadan ayrılmağa razılıq verincə, hakimlər geri qayıdıblar və oyun davam etdirilib.