İtaliyanın “Milan” klubunun futbolçusu Mario Balotelli “Byblos” gecə klubunda müğənni ilə dalaşıb. Lent.az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, insident “Kalyari” ilə səfər matçından sonra Milanda baş verib.
Şəhərə dostları və kiçik qardaşını götürərək, çarter reysi ilə qayıdan futbolçu komandasının 2:1 hesablı qələbəsini gecə klubunda qeyd edib. Bu zaman o, qonşu stolda dostları ilə oturan müğənni və teleaparıcı Françesko Fakkinetti ilə naməlum səbəbdən münaqişəyə girib. Onlar bir-birilərinə zərbələr endirib. Gecə klubu mühafizəçilərinin müdaxiləsindən sonra tərəflər aralanıblar.
Davaya bir neçə saat qalmış Balotelli “Kalyari” ilə matçda qol vurub və azarkeşlərin ünvanına xoşagəlməz jesti üzündən sarı vərəqə alıb. İndi o, “Torino” ilə növbəti görüşü cəza üzündən buraxacaq.
Qeyd edək ki, Mario Balotelli belə qalmaqallarla ilk dəfə üzləşmir. 2012-ci ilin yayında o, Avropa çempionatının final matçından sonra İtaliya yığmasının kapitanı və qapıçısı Canluici Buffonla dalaşıb. Həmin vaxt Balotelli həkimlərin köməyinə müraciət edib.