İlk dəfə Bakıda təşkil olunacaq 2015-ci il Avropa Oyunları üçün nəzərdə tutulan idman qurğuları gələn ilin sentyabrınadək təhvil veriləcək. Bu haqda Lent.az-a Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov bildirib.
O bildirib ki, həmin obyektlərdə Avropa Oyunlarınadək sınaq yarışları keçiriləcək. Bunlar ayrı-ayrı turnirlər, Avropa və ya dünya çempionatları, Dünya Kuboku və digər rəsmi yarışlar ola bilər: “Biz bu istiqamətdə müəyyən addımlar atacağıq”.
Amma Avropa Oyunlarının açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulmuş Bakı Olimpiya stadionu 2015-ci ilin əvvəllərinə hazır olacaq. Rəhimov bildirib ki, həmin arenada heç bir yarış keçirilməyəcəyindən, digər qurğulardan gec istifadəyə verilməsində problem yoxdur. Nazirlik rəsmisi atletika yarışlarının Tofiq Bəhramov adına Respublika, eləcə də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutacağını açıqlayıb: “Artıq Avropa Oyunlarının proqramında atletika növünün də yer alacağı dəqiqləşib. İndi lisenziya qazanma proseduru və atletikanın məhz hansı növlərinin Oyunlarda yer alacağı müəyyənləşdirilməlidir. Akademiyanın stadionu isə yenidən qurulacaq”.
Rəhimov Avropa Oyunlarında çimərlik futbolu yarışlarının Dənizkənarı Bulvarda və ya başqa məkanda müvəqqəti qurulan meydanda keçiriləcəyini də əlavə edib.