Bakı gimnastika üzrə üç Dünya Kuboku yarışına ev sahibliyi edəcək
24 iyul 2015 16:36 (UTC +04:00)

Bakı gimnastika üzrə üç Dünya Kuboku yarışına ev sahibliyi edəcək

Finlandiyanın paytaxtı Helsinkidə Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.


 

Azərbaycan Gimnastika Federasiyasından (AGF) apasport.az saytına verilən məlumata görə, yığıncaq çərçivəsində gimnastika dünyasında alınmış vacib qərarlarla yanaşı, 2016-cı ildə Dünya Kuboku mərhələsi yarışlarının keçiriləcəyi məkanlar təsdiqlənib.

 

AGF-in Bakıda üç Dünya Kuboku turnirinin keçirilməsi ilə bağlı irəli sürdüyü namizədlik təsdiqlənib və Prezident Komissiyasının üzvləri bu yarışların təşkilini federasiyamıza həvalə edib. Nəticədə paytaxtımız idman gimnastikası üzrə "Challenge Cup" seriyasından olan Dünya Kubokunun nümayəndə heyətlərini 2016-cı il fevralın 19-21-də qəbul edəcək.

 

İdman gimnastikasının ardınca, martın 5-6-da dünyanın tanınmış batutçuları Bakıda təşkil olunacaq Dünya Kuboku yarışında mübarizə aparacaqlar. Bununla da paytaxtımız 2016-cı ildə sözügedən bu iki gimnastika növü üzrə Dünya Kubokunu qəbul edəcək ilk şəhər olacaq.

 

Bədii gimnastika üzrə Dünya Kuboku mərhələsi isə Rio-de-Janeyro-2016 Olimpiya Oyunları ərəfəsində - iyulun 22-24-də baş tutacaq.

 

Artıq 2003, 2004 və 2005-ci illərdə ölkəmizdə təşkil olunmuş bədii gimnastika üzrə Dünya Kuboku mərhələlərindən fərqli olaraq, idman və batut gimnastikası üzrə bu növ yarışlar ölkəmizdə ilk dəfə olaraq təşkil olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar