Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyasının (UIAA) təşəbbüsü, IDEA Kampaniyası, Qərb Universiteti, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə oktyabrın 24-25-də Bakıda “Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın "Dağların Mühafizəsi Mükafatı" ("Mountain Protection Award") proqramı çərçivəsində təşkil olunur və bu mükafat dağ turizminin inkişafı üçün dağ ətraf mühitinin mühafizəsi üzrə konkret tədbirlərə görə verilir. Sözügedən mükafat proqramında şirkətlərin, fiziki şəxslərin, müxtəlif assosiasiya və bələdiyyələrin iştirakı mümkündür. Qeyd edək ki, bu proqram ictimai maarifləndirmə, dağçılıq idman növlərinin təbliği, ekoturizmin inkişaf etdirilməsi və dağ ətraf mühitinin birgə mühafizəsi kimi konkret məqsədlərin həyata keçirilməsini qarşıya qoyur.
Azərbaycandan ilk olaraq bu beynəlxalq səviyyəli prosesə Qərb Universiteti qoşularaq həmin proqram çərçivəsində UİAA-nın "Dağların Mühafizəsi Mükafatı" proqramına maliyyə dəstəyi göstərib. Bu uğurlu əməkdaşlıq 4-5 oktyabrda İsveçrədə keçirilmiş UİAA-nın Baş Assambleyasının iclasında və UİAA-nın illik hesabatında xüsusilə qeyd olunub.
Bakıda keçiriləcək konfransda dağ turizminin inkişaf etdirilməsi üçün səmərəli marketinq proqramlarının hazırlanması, dağ ərazilərinin davamlı inkişafının təmin olunmasında elmi dairələrin iştirakı, dağların mühafizəsi üzrə səmərəli təcrübənin və siyasətin nəzərdən keçirilməsi, həmçinin elmi proqramlar vasitəsilə dağçı turistlərin dağların mühafizəsi monitorinqində fəal iştirakının təmin edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.
Bilavasitə UİAA-nın təşəbbüsü və intellektual dəstəyi ilə həyata keçiriləcək konfransda nüfuzlu beynəlxalq mütəxəssislər, o cümlədən UİAA-nın vitse-prezidenti Piter Farkaş, UİAA-nın Dağların Mühafizəsi üzrə Komissiyasının Prezidenti xanım Linda Makmillan, UİAA-nın katibi Sofi Gerard, Geologiya üzrə beynəlxalq ekspert Ronald Gallaher, eyni zamanda yerli dövlət qurumlarının, elmi tədqiqat idarələrinin, tədris müəssislərinin, vətəndaş cəmiyyətinin nümayəndələri, alimlər mövzularla bağlı çıxış edəcəklər.