“Xəzər Lənkəran”la yollarını ayıran Elnur Allahverdiyev “Qəbələ”yə keçəcək. Bu haqda Lent.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
O bildirib ki, daha öncə E. Allahverdiyevlə görüşərək, ilkin razılığa gəliblər. Müqavilənin rəsmiləşdirilməsi üçün “Qəbələ” 30 yaşlı müdafiəçinin “Xəzər Lənkəran”dan rəsmən ayrılmasını gözləyib: “E. Allahverdiyevlə bu gün və ya sabah bir daha görüşərək, rəsmi müqavilə bağlayacağıq”.
***
15:55
Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyev “Xəzər Lənkəran” klubu ilə yollarını rəsmən ayırıb. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun Lent.az-a verdiyi məlumata görə, E. Allahverdiyev baş məşqçi Con Toşakın raportu əsasında göndərilib.
Təcrübəli müdafiəçinin başqa komandaya keçidinə problem yaratmamaq üçün ona transfer vərəqi də verilib. C. Toşak heyətdəki yerli futbolçu qıtlığını gənclər hesabına doldurmağı qərara alıb. O, E. Allahverdiyevin mövqeyində Tural Cəlilov və ya Kamran Abdullazadəni sınamaq niyyətindədir.
Qeyd edək ki, əvvəllər “Ədliyyə”, “Şəfa”, MOİK, “Turan”, “Neftçi” və “Qarabağ”da oynamış Elnur Allahverdiyev “Xəzər Lənkəran”a 2010-cu ilin yanvarında transfer olmuşdu.